Azərbaycan şirkətləri Çində 30 avqust – 1 sentyabr tarixlərində keçiriləcək “6-cı Çin-Avrasiya” sərgisində öz məhsulları ilə təmsil olunacaq.
İqtisadiyyat Nazirliyindən Eurasia Diary-ə verilən məlumata görə, avqustun 9-da Bakı Biznes Mərkəzində keçirilmiş İxracatçılar Klubunun növbəti iclasında “6-cı Çin-Avrasiya” Sərgisində iştirak edəcək yerli şirkətlərin nümayəndələri ilə müzakirələr aparılıb. İqtisadiyyat Nazirliyi və AZPROMO-nun dəstəyi ilə keçirilən tədbirdə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 15 şirkətin təmsilçisi iştirak edib.
AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayevin, İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirovun iştirakı ilə təşkil olunmuş iclasda müxtəlif xarici ölkələrdə təşkil olunan beynəlxalq sərgilərin, o cümlədən “6-cı Çin-Avrasiya” Sərgisinin Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi altında tanıdılması, yerli məhsulların Çinə ixracının genişləndirilməsi üçün əlverişli platforma olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, bu sərgi həmçinin, Çin bazarının imkanlarının öyrənilməsi baxımından əhəmiyyətlidir. Çin bazarı üzrə aparılmış araşdırmalar da bu bazarın Azərbaycan məhsullarının, xüsusilə də şərab, spirtli və alkoqolsuz içkilərin tədarükü üçün sərfəli olduğunu göstərir.
Tədbir çərçivəsində yerli şirkətlərin nümayəndələrinə İxracatçılar Klubunun fəaliyyəti və kluba üzvlük barədə məlumat verilib, onların “6-cı Çin-Avrasiya” Sərgisinə, “Made in Azerbaijan” brendinə, xarici bazarlara və ixrac prosedurlarına dair sualları cavablandırılıb.