Uçot dərəcəsinin daha 1 faiz bəndi azaldılaraq 14%-ə endirilməsi fonunda Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi bu gün daha 5,6% azalaraq 0,1084 manat (1 manat/9,2251 lirə) səviyyəsinə enib ki, bu da yeni tarixi minimumdur.
EDNews.net-in Azərbaycan Mərkəzi Bankının göstəriciləri əsasında apardığı hesablamalarına görə, lirənin manata qarşı məzənnəsi son bir ayda 33,5%, ilin əvvəlindən isə 2,1 dəfə azalıb.
Lirə ilin əvvəlindən dollara qarşı da dəyərinin yarısından çoxunu itirib və hazırda Türkiyə Mərkəzi Bankının (TMB) rəsmi məzənnəsinə görə, 1 dollar 15,2392 lirə təşkil edir. Mill valyutanın dəyərsizləşməsi fonunda, hökümət ölkədə gələn il üçün minimum əməkhaqqını 50,4% artıraraq 2 826 lirədən 4 250 lirəyə çatdırıb. Lirənin dəyərdən düşməsini nəzərə alsaq, dollar ifadəsində minimum əməkhaqqı yenədə 27% azdır.
Ötən gün Türkiyə Mərkəzi Bankı (TMB) yüksək inflyasiyaya baxmayaraq, uçot dərəcəsini 15%-dən 14%-ə endirib. Bir çox aparıcı iqtisadçılar bu fonda lirənin zəifləməsini artan inflyasiyanı daha da şiddətləndirərək 30%-dən yuxarı qaldıracağını düşünür.
Qeyd edək ki, geniş tənqidlərə, monetar siyasətin istiqamətinin dəyişilməsi və uçot dərəcəsinin yüksəldilməsi istəklərinə baxmayaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan faiz azalmalarını müdafiə edib və "iqtisadi müstəqillik müharibəsində" qalib gələcəyinə söz verib.
Xatırladaq ki, noyabrda Türkiyədə illik inflyasiya 21,31% təşkil edib.