Xəbər verdiyimiz kimi, Kənd Təsərrüfatı Nazirliyi ilə təsərrüfat obyektlərinə sahib olan şəxslər arasında beş illik subsidiya ilə bağlı müqavilənin imzalanması gözlənilir.
Bəzi ekspertlər bu subsidiya proqramlarının təsərrüfatların inkişafına, xüsusilə ərzaqlıq buğdanın təmin olunmasına müsbət töhfələr verəcəyini hesab edirlər.
Məsələ ilə bağlı Ednews-a açıqlaqmasında iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, dövlət rəsmiləri daxili istehsal həcminin artırılması istiqamətində ciddi tədbirlər görmək niyyətindədir.
“Azərbaycanda kənd təsərrüfatında və taxılçılıqda subsidiyalaşma çoxdan tətbiq edilir. Lakin biz daxili tələbatımızı daxili istehsal hesabına ödəmək üçün subsidiyalaşmanın daha da effektliyinin artırılması nəzərdə keçiririk. Qeyd edim ki, ərzaqlıq buğdaya tələbatımızın cəmi 25 %-ni daxili resurslar hesabına ödəyə bilirik. Amma 75 % idxaldan asılıyıq”.
Natiq Cəfərlinin fikrincə, subsidiya müqaviləsində qeyd olunan yeni qaydaların öz müsbət təsirləri olacaq.
Onun sözlərinə görə, yardım proqramlarının təsərrüfat sahələrində istehsalın artmasına dəstək ola bilər.
“Amma tək subsidiya proqramı yetərli deyil. Toxumculuq, suvarma və keyfiyyətli gübrələrin təmin edilməsi ilə bağlı elmi yanaşmaların tətbiq edilməsinə ehtiyac var. Çünki bu ərzaqlıq buğdanın həcminin artmasına və keyfiyyətli buğda istehsalına şərait yaradacaq. Bu istiqamətdə tədbirlərin görüləcəyi təqdirdə ərzaqlıq buğdaya tələbatımızın ən azı 50 %-ni daxili resurslar hesabına ödəmək imkanımız olacaq. Bunun üçün geniş fürsətlər var”.
Yunis Abdullayev