“Dövlət büdcəsinə əlavə və düzəlişlərin edilməsi ənənəvi hal alıb. Bu il də istisna deyil. Bu yeniliklərin nələrdən ibarət olmasını gəlin təhlil edək”.
Bu sözləri Ednews-a açıqlamasında iqtisadçı-ekspert Məmməd Talıblı deyib. Onun sözlərinə görə, büdcə ilinin əvvəlindəki təsdiq olunmuş parametrlərlə müqayisədə hazırda büdcəyə 3 mlrd. manat əlavə vəsait daxil olub:
“Bu məbləğin demək olar ki, yarısı (1,4 mlrd.) neft sektorundan, təxminən 1,6 mlrd. manatı isə qeyri-neft mənbələri hesabına olub.
Bu vəsaitlərin xərclənməsi isə aşağıdakı istiqamətlərə yönəldiləcək:
- 1,8 mlrd. manat Qarabağda infrastrukturun qurulması, təmir-tikinti layihələrinə sərf olunacaq. Büdcə ilinin əvvəlində ayrılmış 3 mlrd. manata əlavə olunandan sonra işğaldan azad olunmuş bölgələrdə bu il üçün toplam məbləğ 4,8 mlrd. manata çatır. Məlumat üçün bildirək ki, son 3 ildə bu istiqamət üzrə cəmi 11,6 mlrd. manat vəsait ayrılıb. Təxminən Beynəlxalq Bankdan oğurlandığı qədər.
- 724 mln.manatı müdafiə qabiliyyətimizin artırılmasına yönələcək;
- 100 mln. manatı Türkiyədə zəlzələ zamanı edilən yardımlara;
- 182 mln.manatı dövlət borc öhdəliklərinə;
Yerdə qalan xərc istiqamətləri kiçik paylara malik olduğu üçün yazmıram.
3 mlrd. manatlıq artımdan sosialyönümlü xərc istiqamətlərinə vəsaitin yönəldilməməsi büdcənin hansı yönümlü olmasından xəbər verir: militaristyönümlü, investisiyayönümlü yoxsa sosialyönümlü?”
Oğuz