Nazirlər Kabinetinin qərarı ilə martın 1-dən ölkəyə idxal olunan benzin gömrük rüsumundan azad edilib. Bu ilin sonuna qədər aviasiya benzinləri istisna olmaqla mühərrik benzinlərinin hər tonu üçün aksiz vergisi azaldılıb.
Beləliklə, Azərbaycanda yanacaq qiymətlərinin ucuzlaşması gözlənilə bilər?
Mövzu ilə Ednews-a danışan iqtisadi ekspert Natiq Cəfərli Azərbaycanda yanacaq qiymətlərinin vergi və aksizlərdən asılı olmadığını bildirib:
“Aksiz vergilərinin azaldılması Azərbaycanda bəzi neftqayırma zavodları hissə-hissə təmir üçün bağlanması ilə əlaqədardır. Buna görə də biz özümüzü V-92 və dizel ilə tam təmin edə bilmirik. Beləcə, aksiz vergilərinin sıfırlanması daxili bazarda qiymət qalxmasın deyə həyata keçirilir. Yanacaq xaricdən alınanda qiymət fərqi yaranır. İdxal yerli istehsaldan daha baha başa gəlir.
Yəni burada əsas məqsəd yerli bazarda qiymətin artmamasının qarşısını almaqdır. Bir çoxları bu səbəblərdən qiymətin azalacağını düşünsə də, mən belə olacağını gözləmirəm. Ona görə ki, 92 və dizel yanacaqlarının qiyməti dövlət tərəfindən tənzimlənir və onlar Tarif Şurasının tənzimlənmə mexanizmi şurasının çərçivəsindədir. Buna görə də qiymətlər aksizlərdən və vergilərdən asılı deyil. Əksinə, qiymətlər dövlətin qərarından asılıdır. Bu da pozitiv haldır, çünki bu o deməkdir ki, qiymətlər həm də artmayacaq”.
Fərid