Tacikistan Prezidenti Emoməli Rəhmon Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığını genişləndirməyə çağırıb.
“EDnews” xəbər verir ki, Rəhmon bu fikirləri MDB ölkələrinin hökumət başçılarının iştirakı ilə keçirilən görüşdə səsləndirib. İclasda Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edib.
Tacikistan Prezidentinin rəsmi saytında yayılan məlumata əsasən, dövlət başçısı Düşənbənin sabitlik, təhlükəsizlik və davamlı sosial-iqtisadi inkişaf məqsədilə MDB çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bəyan edib.
Emoməli Rəhmon iqtisadiyyat, ticarət, sənaye, enerji, aqrar-sənaye kompleksi, innovasiyalar və rəqəmsallaşma sahələrində əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi və birgə layihələrin reallaşdırılması regionun dayanıqlı inkişafı üçün əsas amillərdəndir.
Görüş zamanı həmçinin ətraf mühitin mühafizəsi və ekoloji problemlərin birgə səylərlə həlli məsələləri də müzakirə olunub. Tərəflər bu istiqamətdə bir-birinin təşəbbüslərinin dəstəklənməsinin vacibliyini qeyd ediblər.
Tacikistan Prezidenti çıxışında MDB-nin 2030-cu ilə qədər İqtisadi İnkişaf Strategiyasının ikinci mərhələsinin də aktiv icrasına çağırış edib.
Fatimə Şükürova // EDnews