Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.
“EDnews” xəbər verir ki, mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna aparılıb.
Ə.Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılacaq.
***
Hərbi Prokurorluq hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Musazadə Əsgər Nicat oğlunun partlayış nəticəsində ölməsi faktı əsasında Füzuli Hərbi Prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb. Məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.
Fakt üzrə Füzuli hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.