Azərbaycanda pandemiyalar TARİXİ - taun, vəba, poliomielit... | Eurasia Diary - ednews.net

23 İyun, Çərşənbə


Azərbaycanda pandemiyalar TARİXİ - taun, vəba, poliomielit...

Maraqlı A- A A+

Elm Tarixi İnstitutu Azərbaycanda pandemiyalar tarixini araşdırıab. EDNews.net İnstitutun bununla bağlı hazırladığı məqaləni təqdim edir.

Bəşəriyyət bu gün yaşanan pandemiyadan da dəhşətli epidemiyaların şahidi olub. Ən qədim və qorxunc epidemiyaların bəlkə də birincisi "qara ölüm” adlandırılan taundur. Hələ eramızdan əvvəl V əsrdə ordular mühasirəyə aldıqları qalalardakı içməli suları zəhərləmək üçün taun xəstəliyinə tutulmuş insanları, ya da heyvanları quyulara atırdılar. 1172-ci ildə bizanslılar Venesiya şəhərini mühasirəyə alaraq şəhərin bütün quyu və bulaqlarını taunlu heyvan leşləri ilə doldurmuşdular. Taun epidemiyası dünyanın bir sıra ölkələrinə yayılmışdı. Eramızdan əvvəl VI əsrdə Şərqi Roma İmperiyasında 50 il ərzində bu xəstəlikdən 100 mln-dan artıq adam ölmüşdür.

Bir tarixi nümunə. Korona virusdan daha dəhşətli epidemiyalardan biri olan Yustinian vəbasını göstərək (İmperator Justinianın dövründə olduğu üçün belə adlanır). İmperator Justinian 541-ci ildə Konstantinopolda imperator olarkən Avropada başlayan bir epidemiya əvvəlcə Misirə, sonra Fələstinə, Suriyaya və Anadoluya yayılır. Yustinian, Konstantinopola bütün çıxışları bağlasa da, epidemiya şəhərə hərbi hissələr tərəfindən gətirilən materiallar arasında olan siçovullar vasitəsi ilə yayılmışdı. Siçanların tüklərində gizlənən bir millimetrdən az 'Xenopsylla' adlı böcək mədəsində 'Pasteurella pestie' adlı ölümcül vəba bakteriyasını daşıyırdı. Bu bakteriyalar gəmiricilər vasitəsilə insanlara ötürülmüş və kütləvi ölümə səbəb olmuşdu.

Azərbaycan tarixinin də müəyyən dövrlərində, dünyada minlərlə, milyonlarla insanın həyatına son qoyan epidemiyalar olub. Atabəylər dövründə də taun xəstəliyi kütləvi şəkildə yayılmışdır. Bu xəstəlik Atabəyin ordusuna böyük ziyan vurmuşdu (yanvar, 1174). Hər yüz döyüşçüdən, demək olar ki, hamısı ölürdü. O dövrdə taun çoxlu insan həyatı apardı. Kütləvi ölümə səbəb olan qorxulu epidemiyalar XV əsrdə də (Qaraqoyunlu, Ağqoyunlu və Şirvanşahlar dövründə) baş vermiş və bu da çoxsaylı insan itkisi ilə nəticələnmişdir. 1369-cu ildə Təbrizdə yayılmış vəba xəstəliyi nəticəsində 300 min adam təlaf olmuşdur. Lakin şəhərdə əhali çox olduğundan bu insan tələfatı o qədər də hiss olunmadı. 1430-cu ildə qıtlıq və aclıq nəticəsində 100 min nəfər həyatını itirmişdi. 1487-1490-cı illərdə isə Təbrizdə üç dəfə vəba xəstəliyi yayılmış və xeyli adam tələf olmuşdu. Ağqoyunlu hökmdarı Əlvənd Mirzənin hakimiyyəti dövründə (1497-1501) Azərbaycanda zülmün və vəba xəstəliyinin nəticəsində xeyli adam ölmüş, əhali yoxsullaşmış, bir hissəsi də vətənini tərk etmək məcburiyyətində qalmışdır.

1538-1539, 1540,1545-1546,1548-1549,1580-1581-ci illər də Təbrizdə yenidən vəba xəstəliyi yayılmış və xeyli insan tələfatına səbəb olmuşdu. Həmin illərdə təsərrüfat həyatı da çoxlu ziyan çəkmişdi. 1578-79-cı illər Təbrizdə baş verən qıtlıqdan və bahalıq nəticəsində gündə 50-60 nəfər acından ölürdü. Təkcə 1580-1581-ci illərdə Şəhərdə vəba xəstəliyindən gündə 200-300 nəfər insan həyatını itirmişdir. Həmin ildə yayılmış xəstəlik nəticəsində Təbriz və onun ətraf mahalında 6 min adam tələf olmuşdur. Bu, həmin dövrdəki müharibələrlə əlaqədar idi. Bu səbəbdən şəhər xarabalığa çevrilmiş, iqtisadiyyatı çökmüş və nəticədə əhalinin həyat səviyyəsi kəskin şəkildə pisləşmişdi.

Qədim tarixə malik qorxulu epidemiyalar neçə-neçə abad şəhərləri viran qoymuşdur. Məsələn, Ərdəbil özünün böyüklüyü və qədimdən qalmış gözəlliyi ilə başqa şəhərlərdən üstün idi. Mənbəyini Savalan dağından alan Balıqlı çayının suyu Ərdəbilin əksər küçələrindən axır və şəhər Venesiyanı xatırladırdı (Pyetro della -Valle). Ərdəbilə gəlmiş F.Kotovun məlumatına görə, bu şəhər Şamaxıya nisbətən böyük idi, burada çoxlu karvansara vardı. Ərdəbildəki Səfəvi Şahlarının məqbərələrinə ziyarət etmək üçün buraya çoxlu zəvvar gəlirdi və bu amil şəhərin iqtisadiyyatının canlanmasına səbəb olurdu. Lakin Azərbaycanın bəzi yerlərində və onunla qonşu olan ölkələrdə baş verən taun xəstəliyi Ərdəbildən də yan keçmədi və onun iqtisadi tənəzzülə uğramasına səbəb oldu. Doqquz yüz səksən birinci ildə (miladi 1573/74) taun xəstəliyindən Ərdəbil darülirşadında otuz min nəfərədək adam tələf oldu. 1623-cü ildə də vəba və taun xəstəliyi şəhərə yenidən yayıldı və on minlərlə insanın ölümünə səbəb oldu.

Mövcud mənbələrin göstərdiyinə görə Azərbaycan daim yolxucu xəstəliklərin zərbəsinə məruz qalmış ölkələr sırasında olub. Tarixən ölkə ərazisində baş verən təbii fəlakətlər, kütləvi şəkildə yayılan xəstəliklər, sarsıdıcı hücumlar çoxsaylı insan itkisi ilə nəticələnib. Hələ 1578-1579-cu illərdə Osmanlı-Krım ordusunun hərbi əməliyyatları, dağıntılar, qarətlər nəticəsində də Azərbaycanda şiddətli aclıq və taun xəstəliyi tüğyan etmişdir, ölənlərin sayıhesabı yox idi. Ac insanlar köhnə sümükləri bişirir, dəri, yırtıq ayaqqabı yeyirdilər, dilənçilər çöllərə səpələnir, keçi və qoyun sürüləri kimi yabanı tərəvəz və göy ot yeyirdilər. Əvvəllər əhalinin sıx olduğu bəzi bölgələr demək olar ki, viran qalmışdı.
XVII əsrin ikinci yarısında– 167778-ci illərdə taun xəstəliyi Dağıstanda da yayılmışdır. Bir neçə ildən sonra epidemiyanın yeni dalğasının uzun müddət davam etməsi böyük fəsadlara səbəb olmuşdur. Təkcə lak kəndi Qumukda 500-dən çox adam həyatını itirmişdi. Həmin xəstəlik 1687/88-ci illərdə Tabasaranda, 1716/17-ci illərdə də Azərbaycanda tüğyan etmişdir. Epidemiyanın yayılması Şamaxı və onun ətraflarında 70 min adamın ölümünə səbəb olmuşdur. Bu xəstəlik 1726-cı ildə Rəştdə də baş vermiş və xəstəlik dəniz havası ilə şimalda böyük ərazilərə yayılmışdır. 1763, 1799-cu illərdə Şirvanda və xüsusilə Ağsu şəhərində də şiddətli taun xəstəliyi baş vermişdi. 1822-ci il ümumi vəba ili hesab edilirdi.

XIX əsrin sonu XX əsrin əvvəllərinə (1873, 1892-1903, 1906-1907, 1916-1919-cu illər) kimi minlərlə insan həyatını məhv edən epidemiyalar yayılmışdı. Azərbaycanda tüğyan edən vəba, taun epidemiyaları əhali arasında böyük tələfata səbəb olurdu. Buna görə 1914-1917-ci illərdə Azərbaycanda vəba barakaları yaradılmışdır.

Dünyada insanların ölümünə səbəb olan yoluxucu xəstəliklərdən biri də poliomielitdir. Poliomielitin infeksion xəstəlik kimi klassik təsvirini 1883-cü ildə A.J.Kojevnikov vermişdir. Poliomielitin 1887-ci ildə İsveçdə baş vermiş ilk epidemiyasını 1890-cı ildə O.Medin təsvir etmiş, Rusiyada ilk şiddətlənmə isə 1905-ci ildə Peterburqda baş vermişdir. 1920-ci ilədək dövri surətdə təkrar olunan epidemiyalar yalnız 12 ölkədə qeydə alınmış, 1921-ci ildən 1937-ci ilədək əlavə olaraq 17 ölkəni əhatə etmiş, 1938-ci ildən 1953-cü ilədək isə əvvəllər polimelitin yayılmadığı daha 32 ölkədə kütləvi xəstələnmələr qeydə alınmışdır. 1954-cü ildən etibarən polimelit epidemiyaları dövrü olaraq artıq dünyanın 61 ölkəsində baş vermişdir. Sinir sistemini zədələyən, əzələlərin iflicinə gətirib çıxaran və ölümlə nəticələnə bilən bu xəstəlik Azərbaycanda da qeydə alınmışdır.

Bakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 1946-cı ildən 1965-ci ilədək poliomielitdən sonra qalan qüsurlarla 684 xəstə daxil edilmişdir (onlardan 581 nəfəri birincili, 103 nəfəri isə ikincili xəstəliklə daxil olanlardan ibarət idi) ki, bu da digər ortopedik xəstəliklər içərisində əsas yeri tutmuşdur. Qeyd etmək lazımdır ki, xəstələrin daha çoxunu 11 yaşdan 16 yaşadək uşaqlar (276 xəstə) təşkil etmişdir (40,3%). Stasionar müalicədən ötrü daxil olmuş 684 xəstədən 41 nəfəri “iməkləyənlər” olmuşdur (onlardan 26 nəfəri əl və ayaqları ilə hərəkət edirdi). Qalan 15 uşaqdan yarıdan çoxu qoltuq ağacı və ya çəliklə güclə gəzə bilir, bəzi uşaqlar isə əllərini budlarına dayaq verməklə gəzirdilər. Stasionara daxil olan digər xəstələr isə müxtəlif deformasiyalarla qeydə alınmışdır. Xəstəliyin ən ağır formasını keçirənlər “iməkləyənlərdən” ibarət olmuşdur ki, bunlar da mövcud deformasiyanı tamamilə aradan qaldırmaq üçün dəfələrlə instituta daxil olmuşlar. Deformasiyaları aradan qaldırmaq üçün əməliyyatlar tətbiq edilmişdir. Həmin xəstələr ayağa qaldırılmış, uzun müddət müstəqil yeriməyə öyrədilmişlər. Əməliyyatların çoxu sümükiçi keyitmə ilə tətbiq olunmuşdur. Əməliyyatlar nadir hallarda ümumi və ya qarışıq narkoz altında həyata keçirilmişdir.

Təəssüf hissi ilə qeyd edirik ki, hər yüzillikdə kütləvi qırğınla nəticələnən xəstəliklər mövcud olmuşdur. 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində naməlum mənşəli sətəlcəmin törədicisi kimi yeni növ koronavirus (COVID-19) aşkar edilmiş və çox böyük sürətlə yayılmışdır. Dünyada tüğyan edən yeni növ koronovirus pandemiyası Azərbaycandan da yan keçməmişdir. Koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır. Dövlət səviyyəsində koronavirusun Azərbaycanda yayılmaması üçün, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür.(Modern.az)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...