Dünyanın ən məşhur un məmulatlarından biri olan bagelin sadə çörəkdən qlobal brendə çevrilməsinin maraqlı tarixçəsi açıqlanıb.
EDnews xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Məlumata əsasən, Bagel bu gün Nyu-Yorkdan Tokiyoyadək eyni adla tanınan və milyonlarla insanın gündəlik qidalanmasında yer alan nadir çörək növlərindən biridir.
Məlumata görə, bagel haqqında ilk yazılı qeydlər 1610-cu ilə aiddir. Tarixçilərin fikrincə, bu məhsul əvvəlcə Polşada yəhudi icması arasında yayılıb. Bageli digər oxşar çörəklərdən fərqləndirən əsas xüsusiyyət isə xəmirin bişirilməzdən əvvəl qaynadılmasıdır ki, bu da ona xüsusi tekstura və dad verir.
XIX əsrin sonu - XX əsrin əvvəllərində Şərqi Avropadan ABŞ-yə köç edən yəhudi mühacirlər bageli də özləri ilə aparıblar. Zamanla Nyu-York və Monreal üslubunda iki fərqli bagel növü formalaşıb. Sonradan kütləvi istehsala keçilməsi və supermarketlərdə satışa çıxarılması ilə bu məhsul bütün dünyada populyarlıq qazanıb.
Mütəxəssislərin qiymətləndirməsinə görə, hazırda qlobal bagel bazarının həcmi təxminən 5 milyard dollar təşkil edir. Xüsusilə Şərqi Asiyada artan tələbat bu məhsulun artıq təkcə Amerika mətbəxinə aid olmadığını göstərir. ABŞ-də orta statistik bir insanın ildə təxminən 40 bagel istehlak etdiyi bildirilir.







