"ABŞ ilə İran arasında davam edən hərbi qarşıdurmanın nəticələri barədə əvvəldən nikbin fikirlər səsləndirmək mümkün deyil idi. Çünki hər iki tərəfin bir-birinə qarşı çox sərt və ciddi tələbləri mövcuddur. Həm ABŞ-nin İrana, həm də İranın ABŞ-yə qarşı irəli sürdüyü şərtlər arasında böyük ziddiyyətlər var. Müharibənin dayandırılması və sülh sazişinin imzalanması ilə bağlı tələblər də mövcud şəraitdə real görünmürdü. Buna görə tərəflərin razılığa gəlməsi ehtimalı kifayət qədər aşağı idi. Bu gün artıq həmin fikir ayrılıqlarının nəticələrini görürük".
Bu fikirləri EDnews-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli qeyd edib.
O, bildirib ki, hazırkı mərhələdə problemin sülh və danışıqlar masası arxasında həllini real hesab etmək olmaz.
"Tərəflərin tələbləri hələ də qüvvədədir və mövqelər arasında ciddi fərqlər qalmaqdadır. İran tərəfi də bəyan edib ki, ilkin mərhələdə əldə olunan razılaşmalar, demək olar ki, tamamilə, qüvvədən düşüb. Bundan sonra razılaşma mətninin yenidən hazırlanması və yeni şərtlərin müzakirə edilməsi də gündəmə gələ bilər".

Siyasi şərhçi hesab edir ki, qarşıdakı dövrdə tərəflərin bir-birinə daha ağır və dağıdıcı zərbələr endirməsinin şahidi olmaq olar. Çünki nə ABŞ, nə İsrail, nə də İran geri çəkilmək niyyətindədir. İran da öz növbəsində hərbi əməliyyatları davam etdirmək istiqamətində addımlar atır.
Sahil Kərimli vurğulayıb ki, İranın ali dini liderinin dəfn və vida mərasimləri zamanı müəyyən qədər nisbi sakitlik müşahidə olunurdu:
"Demək olar ki, elan edilməmiş atəşkəs vəziyyəti yaranıb. Lakin bundan sonra prosesin daha ağır mərhələyə qədəm qoyması mümkündür. Mövcud vəziyyətdə müharibənin genişlənməsi qaçılmaz görünür. Tərəflər bir-birinə qarşı sərt ritorikadan istifadə edir və heç biri geri addım atmaq istəmir. Belə olan halda, tərəflərin barışdırılması istiqamətində yeni vasitəçilərin ortaya çıxması məsələsi də aktuallaşır. Bildiyiniz kimi, Pakistan bu prosesdə kifayət qədər fəal mövqe nümayiş etdirirdi. Danışıqların növbəti raundları Pakistanın vasitəçiliyi ilə keçirilirdi və müəyyən razılaşmaların əldə olunduğu bildirilirdi. Lakin təəssüf ki, Pakistan da hələlik qarşıya qoyulan məqsədlərə çata bilməyib. Çünki bir tərəfdə ABŞ kimi supergüc, digər tərəfdə isə sərt mövqeyindən geri çəkilməyən İran dayanır. Bu səbəbdən də tərəfləri ortaq məxrəcə gətirmək olduqca çətin görünür".
Aytac Kərimova | EDnews


.jpeg)




