Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket sistemlərini Fars körfəzi ölkələrindən birinə satması ilə bağlı iddialar yenidən gündəmin əsas mövzularından birinə çevrilib.
Türkiyə mətbuatında yayılan məlumatlara görə, komplekslərin üçüncü ölkəyə ötürülməsi ilə bağlı razılaşmanın elan olunacağı bildirilir. Mümkün alıcılar sırasında Birləşmiş Ərəb Əmirlikləri və Qətərin adı çəkilir.
Məsələni EDnews-a şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Türkiyənin S-400 komplekslərini başqa ölkəyə ötürməsi uzun müddətdir müzakirə olunan mövzudur.
Onun sözlərinə görə, bu məsələ birbaşa Ankaranın F-35 proqramına qayıtması və daha əvvəl dəyərinin bir hissəsini ödədiyi qırıcıları əldə etməsi ilə bağlıdır:
“Türkiyənin F-35 proqramına təkrar daxil edilməsi və əvvəldən dəyərinin bir hissəsini ödədiyi F-35 qırıcılarını alması üçün S-400-lərin başqa ölkəyə ötürülməsi uzun müddətdir müzakirə mövzusudur. Lakin Türkiyə öz hava hücumundan müdafiə sistemlərində kifayət qədər ciddi nailiyyətlər əldə etdikdən sonra hesab edirəm ki, S-400-lərin başqa ölkəyə verilməsi mümkündür”.
Ekspert qeyd edib ki, bu sistemlərə yalnız Fars körfəzi ölkələrinin deyil, Türkiyənin yaxın müttəfiqlərindən olan Suriyanın da ehtiyacı var.
Ədalət Verdiyev vurğulayıb ki, S-400-lərin üçüncü ölkəyə verilməsi Rusiya ilə Türkiyə arasında imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olmalıdır. Onun fikrincə, əgər bu məsələ artıq açıq şəkildə müzakirə olunursa, deməli, Moskvanın buna ciddi etirazı yoxdur:
“S-400-lərin başqa ölkəyə verilməsi Rusiya ilə Türkiyə arasında imzalanmış müqavilənin şərtlərinə uyğun gəlməlidir. Əgər belə bir mövzu artıq müzakirə olunursa, demək ki, Rusiya da bu məsələyə etiraz etmir”.
Hərbi ekspertin sözlərinə görə, S-400-lərin Fars körfəzi və ya başqa bir ərəb ölkəsinə verilməsi tamamilə mümkündür. Belə bir addım Türkiyəyə bir neçə strateji hədəfə eyni vaxtda nail olmaq imkanı verə bilər.
“Bu komplekslərin, məsələn, Suriyaya verilməsi həmin ölkənin uzaqmənzilli hava hücumundan müdafiə sistemlərinə olan ehtiyacını qarşılaya bilər. İkinci məsələ odur ki, Türkiyə F-35-ləri əldə etmək üçün qarşısındakı maneələri aradan qaldırmış olar. Üçüncü məsələ isə ondan ibarətdir ki, Suriyada və ya Türkiyəyə yaxın başqa bir ölkədə yerləşən S-400-lər Ankara üçün daim əlçatan qala bilər”, — deyə ekspert bildirib.
Ədalət Verdiyev hesab edir ki, Türkiyə bu kompleksləri ən yaxın münasibətdə olduğu ölkəyə verməklə həm təhlükəsizlik maraqlarını qoruyar, həm də ABŞ ilə münasibətlərdə yaranmış əsas problemlərdən birini aradan qaldıra bilər.
Onun fikrincə, Ankara bu addımla “bir gedişlə üç hədəfə” çatmış olar: S-400 problemini Vaşinqtonla münasibətlərdən çıxarar, F-35 proqramına qayıdış üçün imkan qazanar və kompleksləri öz təsir dairəsində olan ölkədə saxlamış olar.
Qeyd edək ki, Türkiyə S-400 sistemlərinin tədarükü ilə bağlı müqaviləni 2017-ci ildə Rusiya ilə imzalayıb. Sazişin dəyəri təxminən 2,5 milyard dollar təşkil edib. İlk komplekslər 2019-cu ilin yayında Türkiyəyə çatdırılıb. Bundan sonra ABŞ Ankaranı F-35 proqramından çıxarıb və 2020-ci ilin dekabrında CAATSA qanunu çərçivəsində Türkiyəyə qarşı sanksiyalar tətbiq edib.
Vaşinqton daha əvvəl dəfələrlə bəyan edib ki, Rusiya istehsalı olan S-400 kompleksləri nə Türkiyə ərazisində yerləşməli, nə də Türkiyə ordusunun silahlanmasında qalmalıdır. Türkiyə tərəfinin kompleksləri üçüncü ölkəyə ötürməsi isə həm sanksiyaların aradan qaldırılması, həm də F-35 proqramına qayıdış baxımından yeni diplomatik imkanlar yarada bilər.
Aysel Hacıyeva | EDnews








