Ermənistan polisi azərbaycanlı deputatların İrəvana səfərinə qarşı çıxan etirazçılara qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açıb.
Ednews erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, işin materiallarına görə, bir qrup millətçi azərbaycanlı deputatların yaşadığı otelə soxulmağa cəhd edib, lakin onların əməllərinin qarşısı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən alınıb. 25 nəfər saxlanılaraq müxtəlif polis bölmələrinə aparılıb.
Qeyd olunur ki, saxlanılanlardan heç biri özünü jurnalist və ya media nümayəndəsi kimi təqdim etməyib və müvafiq arayış göstərməyib.
İdarədən baş verənlərlə bağlı bildirilib:
“Polis bölmələrinə aparılan vətəndaşlar müqavimət göstərərək qışqırıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz hərəkətlərə son qoymağı tələb edərək onları sakitləşməyə çağırsalar da, cavab olaraq yalnız nalayiq ifadələr eşidiblər. Həmin vətəndaşlar polis əməkdaşlarına açıq-aşkar hörmətsizlik edərək əlbəyaxa dava salıblar”, - deyə idarədən bildirilib.
Faktla bağlı araşdırma aparılır.