“Azərbaycanda kimisə işdən çıxarmaq istəyirlərsə, ona ərizə yazdırırlar ki, könüllü istefa versin. Mən bu praktikanı iki səbəbdən ziyanlı hesab edirəm. Birincisi, vətəndaşın əmək hüquqları pozulur, konkret olaraq onu təzyiq və təhdid altında ərizə yazmağa məcbur edirlə”.
Ednews xəbər verir ki, bu fikirləri deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclası zamanı deyib. Millət vəkili deyib ki, həm də bu yolla bir növ işdən pis əməllərinə görə ayrılanlara öz əyri işlərini davam etdirməyə şərait yaradır.
“İkincisi, belə çıxır ki, oğrunun, rüşvətxorun, dələduzun tərcümeyi- halını korlamaq istəmirlər və sabah da o gedib başqa yerdə daha gözəl işə düzəlir və dağıdıcı fəaliyyətini davam etdirir. Hər iki halda ziyan görən cəmiyyət və bizim gələcəyimizdir. Hər iki halda qanun pozulur, hər iki halda saxtakarlıq edilir”.
O, qeyd edib ki, bu praktika bütün dövlət orqanlarında və özəl sektorda baş verir.
“Bu praktikanın dayandırlmasını və qanunun tələb etdiyi şəkildə, zor və təzyiq, o cümlədən əsassız güzəşt olmadan həyata keçirilməsini istəyirəm”.
Vüsalə Balayeva