Fransada təqaüd yaşının artırılması ilə bağlı etiraz dalğaları xeyli artıb. Etirazçıların sayı 1.2 milyonu keçməkdədir. Artıq toplum hədəfləri Makrona qarşı yönəldib. Yaranan gərginlik həm də növbədənkənar seçkilərin baş tutmasını reallaşdıra bilər. Bəs görəsən artan narazılıqla bağlı prezidentin istefası mümkün ola bilərmi?
Sualla bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov Ednews-a belə açıqlama verib: “Emmanuel Makronun prezidentliyinin istər birinci dövrü, istərsə də ikinci dövründə etirazlar həmişə olub. Həm də etirazlar təkcə təqaüd yaşının artırılması ilə bağlı olmayıb, xatırlayırıqsa bundan əvvəl “sari jiletlilərin” də aksiyası baş tutub. Bu da onu göstərir ki, Makronun ölkə daxilində siyasi nüfuzu o qədər də güclü deyil”.
Ekspert Makronun istər hakimiyyətdə, istərsə də kənardan müəyyən güclər tərəfindən dəstəkləndiyini vurğulayıb.
“Prezident Makronu hakimiyyətdə möhkəm qılan həm erməni lobbisi, həm də qlobalistlərin dəstəyidir. Bu səbəbdən də hesab edirəm cəmiyyətdən kifayət qədər dəstək ala bilməyən bir siyasətçinin hakimiyyətdə qalması mümkün deyil”.
Samir Hümbətov əlavə edib ki, Makron gedərsə onu yalnız bir neçə siyasətçi əvəz edə biləcək.
“Qeyd edə bilərəm ki, Fransada Makronu əvəz edə biləcək 3-4 şəxs var ki, onların arasında xalqdan ən çox dəstək alan və ötən il də seçkilərdə iştirak edən Jan Lük Moreşen, Fransua Fiyon və qismən də olsa sağçı və milliyyətçi partiyanı təmsil edən Jan Mari Löpendir. Onlar həmçinin, Makrona alternativ ola bilən və hakimiyyətdə kifayət qədər nüfuzlu olan şəxslərdir”.
Elnur Ənvəroğlu