“Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər sülhə, inteqrasiyaya hazır deyillər. Bunun da konkret səbəbləri var. 30 il müddətində Qarabağda yaşayan əhali separatçı rejimin və “Daşnaksütyun” partiyasının ideoloji hədəfinə çevrilib. Onlar Azərbaycanlılara qarşı etnik nifrətlə tərbiyə olunublar. Buna görə də onlar hazırda psixoloji qırılma nöqtəsini keçə bilmirlər”.
Bu sözləri Ednews-a millət vəkili Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, Qarabağda məskunlaşmış ermənilərin şüurlarında Azərbaycanafobiya, türkfobiya, islamofobiya yalançı illüziya formalaşdırılıb.
“Nəticə etibarı ilə insan sosial varlıqdır. Onlar üçün belə düşüncə bariyerləri düzəldilib, beyinlərində bu şəkildə təsəvvürlər yaradıldıqdan sonra Azərbaycan cəmiyyətinə doğru addım atmaları çətin olacaq. Ola bilər ki, onlar planlaşdırılan Yevlax görüşünə gəlsinlər, lakin onların gəlməkdə məqsədləri fərqli olacaq. Onlar terrorçu dəstələri Qarabağ ərazisində qalması, Azərbaycan qanunlarından imtina etmək üçün vaxt qazanmaq məqsədi ilə edirlər ki, bu da, düşünürəm ki, məqbul hesab edilə bilməz”.
H.Babaoğlu qeyd edib ki, lokal antiterror tədbirləri Azərbaycanın konstitusiyon quruluşunun bütün ərazisində bərpasına, sülhün yaradılmasına, Azərbaycanda yaşamaq istəyən erməni əsilli insanların cəmiyyətə inteqrasiyasına xidmət edəcək və Azərbaycan qanunlarının bütün ərazilərimizə şamil edilməsi məqsədi daşıyırdı:
“Bu, olduqca vacib məsələdir. Antiterror tədbirləri həm də sülhü yaxınlaşdıracaq. Eyni zamanda əməliyyatlar nəticəsində Azərbaycan ərazisində yaşamaq istəyən erməni əsilli əhalinin hüquqlarının, təhlükəsizliyinin tam şəkildə bərpası da təmin olunacaq. Bütün bunların nəticəsində Azərbaycan və Ermənistan arasında sülh üçün yeni perpektivlər yaranacaq”.
Oğuz