BMT-nin Qarabağa göndərdiyi missiya ABŞ-ı “qane” etmədi. Vaşinqton beynəlxalq müşahidəçilərin Qarabağa daxil olmasından israr edir. Bu məsələni son açıqlamasında Avropa Şurasının prezidenti Şarl Mişel də gündəmə gətirdi.
Qərbin beyin mərkəzlərinin düşüncəsində Qarabağla bağlı hansı planlar var?
Məsələnin aktuallığını nəzərə alaraq politoloq Qabil Hüseynli ilə müzakirə etdik. O, Ednews-a açıqlaması zamanı qeyd etdi ki, Qərbdə Azərbaycana qarşı “etnik təmizləmə” adı altında kampaniya keçirilir.
“BMT-nin missiyası apardığı araşdırmada öz gözləri ilə gördülər ki, bir mülki obyektə belə ziyan dəyməyib. Ən əsası onlar indiyədək “öz müqəddəratlarını təyin etmək” istəyən insanların öz müqəddəratlarını təyin edərək, öz xoşları ilə ərazimizdən getdiklərinin şahidi oldular. Bu gün Azərbaycanı nədəsə təqsirləndirmək mümkünsüzdür. Əgər silahlı separatçıların zərərsizləşdirilməsini “günah”a çevirib, üzərimizə yapışdırmağa çalışacaqlarsa, bu alınmayacaq. Bu, Azərbaycanın öz ərazilərində suverenliyini təmin etməsinin bir yoludur. Bu da beynəlxalq hüquqda nəzərdə tutulub. Azərbaycan beynəlxalq hüququn bir müddəasını belə pozmayıb. İndi kimlərsə barmaqlarından sovurub nəsə çıxarmaq istəsələr, baş tutmayacaq”.
Politoloq qeyd etdi ki, əsl etnik təmizləmə və soyqırımı ermənilər ərazilərimizi işğal edəndə həyata keçirilib:
“Xocalıda, Meşəlidə, Qaradağlıda, Bağanıs Ayrımda soyqırımı törədiblər. Bunları sübut edən canlı şahidlər və təkzibedilməz faktlar var. O zaman dünyanın vicdanı zərər qədər də ağrımadı. Terrorçular Kəlbəcərdən çıxmaları üçün cəmi iki saat vaxt vermişdilər. Bunun üçün heç bir nəqliyyat vasitəsi ayrılmamışdı. Qarlı, çovğunlu havada dağları, təpələri aşarkən nə qədər uşaq, qadın, qoca həlak oldu. O zaman onların yardım əlini uzatdıqlarını görmədik. Halbuki çağırışlar etmişik. Biz isə indi gedən ermənilərə toxunmuruq, hətta getməməyə, qalmağa çağırırıq. Biz bundan artıq nə edə bilərik?
Bundan sonra Azərbaycana yapışacaq heç bir iddianı qaldırmaq mümkün deyil. Qaldırılsa belə, bu, subyektiv mülahizələrdən, xristian təəssübkeşliyi və türkofobiyadan başqa bir şey olmayacaq”.
Oğuz