“Müasir tariximizin möhtəşəm Xankəndi qələbəsini yaşamağı Allah bizə nəsib etdi. Mübarək və əbədi olsun! Bu qələbənin qanlı-qadalı pillələrilə bir az aşağı ensək, onda hər bir vətəndaşımızın haqqını görərik: qazinin, şəhidin, gözüyaşlı anaların, Ali Baş Komandanın - son 30 ildə işğalın və təcavüzün bütün əzablarını, fiziki, maddi və mənəvi təhqirlərini yaşamış Azərbaycan xalqının”.
Ednews xəbər verir ki, bu sözləri yazıçı Səfər Alışarlı öz facebook hesabında yazıb. Onun sözlərinə görə, erməni işğalın icraçısı idi, onun arxasında hansı dövlət və millətlərin durduğu bu gün bizə gün kimi aydındır.
“Onlar bunu daha əvvəlkitək gizlətməyi də lazım bilmirlər. Onlar türkü, müsəlmanı dünyada zəlil və bədnam etməyin Qarabağ kimi xam yerini itirməklərilə heç cür barışmaq istəmirlər. Yəqin ki, barışmayacaqlar da. Azərbaycan ordusunun gücünü daim artırmalıdır. Bizim gələcəyimiz üçün həyati təhlükə erməni revanşizmindən daha çox onlardır. Bu təhlükəyə qarşı yalnız Turan Birliyi ilə dayanmaq mümkündür. Azərbaycan Turanın yaradılmasında lokomativ rolunu öz üzərinə götürməli və bütün sahələrdə inteqrativ təmayülləri gücləndirməlidir. Fikir verdinizsə, Lukaşenko Bişkekdə türk dövlət başçılarına ağsaqqal ədasıyla deyir ki, "böyük qardaş (yəni Rusiya) bizə hər şeydə kömək etməyə çalışır". Özünə əriştə kəsəmməyənin başqasına umac ovmaq bəyanatı, həyasızlığın ənənəvi təzahürüdür. "Böyük qardaş" müstəqil dövlətçilik sevincini 30 ildir bizim gözümüzdən tökməyə davam etmirmi? Sadəcə, indi zəif düşdüyünə görə özü danışmır, Lukaşenko kimi əlaltısını qabağa verib danışdırır. Azərbaycanı qarşıda çox ciddi, tarixi addımlar gözləyir. İnşallah, onlardan da uğurla çıxacağıq”.
Oğuz