“Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var”.
Ednews xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinə səfəri ilə bağlı AZƏRTAC-a açıqlamasında bildirib.
H.Hacıyev deyib ki, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə iki ölkə arasında əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qaldırılması, yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi ilə bağlı strateji tapşırıqlar verilib. Hazırda iki ölkə arasında əlaqələr bu istiqamətdə hərtərəfli şəkildə inkişaf edir. Bütövlükdə, Azərbaycanın xarici siyasətində Çin Xalq Respublikası ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi, münasibətlərin daha da dərinləşdirilməsi, keyfiyyətcə yeni səviyyəyə qaldırılması prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.