Ölürük. Öldürülürük. Müharibələr başlayır ölkələrimizdə. Adamlar böyük, vicdanları isə kiçik. Yekə - yekə insanlar gözlərini kiçik uşaqların həyatlarına dikiblər. Uşaqlar oyun oynamasınlar. Ancaq acı çəksinlər, kədərlənsinlər, ağlasınlar.
Hal-hazırda sığınacaq problemi çox ciddi formada qarşımıza çıxır. 2014-ci ildə 3 mindən çox sığınacaq axtaran şəxslər Aralıq dənizində boğularaq öldü. Ölkəsində baş verən qiyamdan, kasıblıqdan qaçan milyonlarla insandan söhbət gedir. Təkcə Suriyada vətəndaş müharibəsinə görə ölkəsindən qaçan təxminən 5 milyon insan var. Bunların bir milyona yaxını Livana sığınıblar. 2 milyondan çox sığınacaq axtaran şəxslərin gəlişi ilə Türkiyə son dövrlər sanki bir sığınacaq axtaran şəxslərin ölkəsi halına gəlib. Türkiyə dövləti, qaçqınların yaşaması üçün çadır şəhərciklər qurdu. Ancaq, qaçqınların tək bir istəyi var, o da Avropaya getmək. Bəzisi Türkiyədəki daxili vəziyyətdən narahatdır, Yunanıstana və digər ölkələrə getmək istəyir, bəziləri isə İŞİD -in Türkiyəyə də hücum edəcəyindən qorxub Türkiyənin qərbinə edir. Türkiyənin qərbindən isə dəniz yolu ilə Yunan adalarına gedirlər.
Orta Şərqdəki terror, vətəndaş müharibəsi və aclıq bəlasından xilas olmaq istəyən o qədər insan var ki. Bu insanların gedəcəyi bir variant belə yoxdur. Orta Şərqin neft zəngini Körfəz ölkələri qapılarını bağlayıblar, divarlar çəkiblər. Səudiyyə Ərəbistanında 3 milyon qaçqının sığına biləcəyi lüks çadır şəhərciyi bomboş qalıb. Səudiyyə Ərəbistanından başqa Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt də tək bircə qaçqına belə ev sahibliyi etmir.
Avropada isə yüksələn irqçi meyllər və iqtisadi durğunluq sığınacaq axtaran şəxslərin qəbulunda böyük problemlər yaradır. Ölkələrin sabitliyini pozma təşəbbüsü əldə etdikləri günahlar və sığınacaq axtaran şəxsləri qəbul etmədəki xəsisliklərlə birləşəndə isə Avropada ortaya çox çirkin mənzərə çıxır.
Əfqanıstandan, Suriyadan, İraqdan qaçan insanların Avropa yolundakı yeganə yolları Türkiyədən keçir. Türkiyə bir çoxuna ev sahibliyi edir. Birinci və İkinci Körfəz müharibəsindən sonra da çoxlu sayıda qaçqını qəbul etmişdi Türkiyə. Qaçdıqları ölkələrə sülh gəlsə də, ki, sülh heç bir zaman geri qayıtmır – geri qayıtmaq istəmirlər. Çox çətinliklər yaşayıblar orada. Sığındıqları ölkələrdə isə bəlkə də daha çox pərişanlar haldadırlar.
Cənnətin uşaqlarıdır onlar, Aylan və digərləri... Xirosimada atom bombası ilə yanıb qovrulan, hər müharibədə ən birinci ölən, yaralanan, şikəst qalan uşaqlar. Konfetin dadını belə bilməyən uşaqlar. Ancaq, hər bir halda üzlərindən təbəssüm əskik olmayan uşaqlar...
Bu yaxınlarda Aylan kimi bəziləri elə Egey sularında son dəfə yuxuya getdilər. Oyuncaq qayıqlar, cırıq xilasedici kəmərlər və heç nəyə yaramayan “insanlar”...