“Azərbaycan Hava Yolları” QSC Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən Bakı-Naxçıvan istiqamətində uçuş zamanı Zəngəzur üzərindəki hava məkanından istifadə olunması barədə məlumatlara münasibət bildirib.
EDNews.net-in xəbərinə görə, məlumatda qeyd olunur ki, bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən Bakı-Naxçıvan istiqamətində uçuş zamanı Zəngəzur üzərindəki hava məkanından istifadə olunması barədə yanlış informasiya yayılıb.
““Azərbaycan Hava Yolları” rəsmi olaraq məlumat verir ki, Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil və aviaşirkətlər tərəfindən istifadə olunmur.
AZAL kütləvi informasiya vasitələrini təsdiqlənməmiş informasiyaya etibar etməməyə və yalnız rəsmi mənbələrə müraciət etməyə çağırır.
“Azərbaycan Hava Yolları” bu təxribatçı hərəkətlərin, yəni qəsdən yalan məlumatların yayılmasının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır”, - deyə AZAL-ın məlumatında vurğulanır.
Qeyd edək ki, yayılan dezinformasiyalarda məlumat belə verilib:
Bu gün Bakıdan uçan təyyarə Naxçıvana Zəngəzur üzərindən keçərək eniş edib və bunu "flightradar24" qeydə alıb.
Bakıdan öz ərazilərimizlə birbaşa Naxçıvana uçan "Airbus A320-214" sərnişin təyyarəsi sosial şəbəkələrdə marağa səbəb olub. Sözügedən hadisə sosial şəbəkənin erməni seqmentində də geniş yayılaraq etirazla qarşılanıb.
Xatırladaq ki, birinci Qarabağ müharibəsinə qədər Azərbaycandan Naxçıvana uçan təyyarələr Sevan gölü ( Zəngəzur ) üzərindən hərəkət edirdi. Müharibədən sonra isə həmin marşrut yerini dəyişmişdi.
Görünür, Azərbaycanın ikinci Vətən savaşındakı parlaq qələbəsi əvvəlki reallığı geri qaytarıb.