Azərbaycan 44 günlük taleyüklü Vətən müharibəsindən qalib dövlət kimi ayrıldı. Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizədə də effektiv nəticələr əldə etmişik. Hər iki uğurun önündə də ölkənin sabahı adlandırdığımız gənclik gedir.
Ancaq nə yazıq ki... Nə yazıq ki, Vətən müharibəsindən üzüağ çıxan, koronavirusa qalib gələn ölkənin ən kövrək hissəsi sayılan gənclik indi zərbə altındadır, “Patı” adlı bəladan xilas ola bilmir.
Hara gedirik? Zombilərlə birgə həyat
Azərbaycanda indiyədək narkotik maddələr haqqında ən bəsit məlumatı olan şəxs belə, artıq “metamfetamin” maddəsi haqda eşidib. Met, şüşə, kristal, buz, billur, daş, tina və s. kimi adları olan “metamfetamin” Azərbaycanda o qədər geniş yayılıb ki, artıq “ağır” narkomanlar arasında heroini istifadə edən yoxdur. Və patı (metamfetamin) sintetik tərkibli olduğu üçün heroindən, kokaindən daha təhlükəlidir.
Azərbaycan logistik qovşaq olan ölkə kimi narkotacirlərin gözündə Əfqanıstandan Rusiya və Avropaya heroin nəqlində də mühüm tranzit məntəqəsidir. Və buna görə də polis, xüsusi xidmət orqanları və sərhədçilərin bütün səyinə baxmayaraq, narkotik maddələrin daxili istehlakı da azalmır ki, əksinə artır. Bu az imiş kimi işğalçı dövlət Ermənistan da uzun müddətdir ki, Əfqanıstan-İran-Dağlıq Qarabağ marşrutu üzrə narkotik maddələrin daşınmasını həyata keçirir.
Problemin həlli niyə müşkülə çevrilib?
“Patı”nın Azərbaycana əsasən İrandan qaçaqmal yolu ilə gətirildiyi deyilsə də, artıq ölkə daxilində istehsal edildiyi haqda məlumatlar gəlməkdədir.
15 il narkotik aludəçisi olan C. iddia edib ki, əvvəllər “patı” İrandan qaçaq yolla gətirilirmiş: “İndi isə “patı ustaları” İrandan gəlib, Bakıda qalır. Onların istədiyi və açıq satışda olan 26 maddəni alıb verirsən, 3 gün ərzində 3 kiloqram düzəldib verirlər. Satandan sonra pulunu ödəyirsən. Əvvəl qaçaqmalçılıq yolu ilə gələndə “patı”nın qramı 110 manat idi, indi 35-40 manatdır. “Şüşə” də burda düzəldilir”.
Bakıda yaşayan keçmiş narkotacirlərdən biri də hazırda Azərbaycanda bu narkotikin qiymətinin çox ucuz olmasının əsas səbəbinin onun narkotacirlər tərəfindən müxtəlif obyektlərdə kustar üsullarla hazırlanması olduğunu təsdiq edib. Əgər əvvəllər bu preparatlar qaçaqmalçılıq yoluyla, min bir əzab-əziyyətlə ölkəyə keçirilirdisə, bu gün ölkə daxilində, hətta bəzi iddialara görə, paytaxt Bakıda rahat şəkildə hazırlanır. Preparatların ölkəmizdə hazırlanması avtomatik olaraq onların qiymətlərinin də bu qədər ucuzlaşmasına səbəb olub.
Burada maraqlı bir məqam bizi düşündürməyə bilməz. Hansısa Bakı sakini evinin daxilində iki daşın yerini dəyişsə, dərhal əlaqədar orqanlar məsələdən agah olaraq, ev sahibinə “yaxınlaşacaq”. Bəs necə olur ki, paytaxtın göbəyində, kirayə tutulmuş evlərin mətbəxlərində kiloqramlarla hazırlanan narkotik preparatlardan heç bir dövlət qurumunun xəbəri olmur. Xüsusilə də, son dövrlər onlayn qaydada satış edən narkotacirlərin bir-bir həbs olunması xəbərlərini mətbuatdan izləyirik. Müvafiq qurumlar narkotik satılması ilə bağlı mesajları görürlər, lakin onları hazırlayan dırnaqarası kimyaçı mütəxəssisləri nə üçün tapa bilmirlər?
Gələk, “patı”nın yayılmasının sürətlənməsinin daha bir səbəbinə. Bəzi ekspertlər belə hesab edir ki, pandemiya dövründə kafe-barların fəaliyyətinin dayandırması narkotik vasitələrin sosial şəbəkələr üzərində satışını sürətləndirib. Hazırda narkotik vasitələr kafe və qəlyan evləri ilə yanaşı, sosial şəbəkədə də satılır. Bu gün instaqramda sintetik narkotik vasitə satışı həyata keçirən səhifələr fəaliyyət göstərir. Həmçinin deyilir ki, “patı” ölkəyə yeni ayaq basmayıb və o, əvvəllər “şüşə” adı ilə istifadə edilib. Sadəcə narkotacirlər ələ keçməkdən yayınmaq üçün onun adını dəyişiblər.
“Bundan qurtulmaq möcüzədir!” - Patı istifadəçilərinin dəhşət saçan etirafları...
“Əvvəl verdiyi həzzi qaytarmaq üçün davam edirsən, amma o həzzi bir də tuta bilmirsən...”, “Həyatda elə bir peşmançılıq yoxdur ki, müqayisə aparılsın...”
Bu sözləri dilə gətirərək etiraf edən, hazırda psixoloji müalicə alan 35 yaşında 10 ildir narkotik aludəçisi olmuş şəxs həyatının ən gözəl illərini puç edib. İlk dəfə ona narkotik təklif edən “dost”unu indi ən qatı düşməni bilir. 17 sutka bir dəqiqə belə gözünü qırpmadan yatmayan, 1 aylıq qida normasını narkotik istifadəçisi olduğu vaxt 1 ilə yeməyən gəncin üz-gözü didilmiş haldadır. Deyir ki, bunu edərkən özündə olmayıb, çünki həmin vaxt nə etdiyini bilmirsən, sonra da yadında qalmır.
“Əsəbdən evdəkiləri qadın-uşaq demədən döyən, öz anasını belə döyənlər var, anasına balta çəkəni eşitmişəm. Özüm hətta anamın telefonunu da oğurlamışam. Bunlar şüurlu insanın hərəkətləri deyil. Səhər duran kimi əynimi geyinməmiş taksi sifariş edirdim ki, o gəlincə vaxt itməsin. Yalnız narkotik üçün yaşayırsan, həyatında ağrılar və onu dayandırmaq üçün növbəti dozanı istifadə etməkdən başqa məqsəd olmur, tamamilə heç nə. “Patı”dan sonra yemək daxil olmaqla, normal həyata aid heç nə istəmirsən. Əvvəl hər gün səhər-axşam yuyunardım, “patı”dan sonra 20 gün yuyunmaq istəmirdim”.
Özünün dediyi kimi, əvvəl şirə kimi özünə çəkən narkotik sonra yapışqana çevrilib insan həyatını məhv edir. "Çıxış yolu yalnız güclü istək və mütləq şəkildə bunun üçün hərəkət etməkdir. Rəqəmlərə baxsaq, 15 narkotik istifadəçisindən yalnız 3-ü bundan böyük çətinliklə xilas ola bilir, qalanları isə əsasən məhv olur. Hazırda bir çox ailələrdə intiharın səbəbi gizlədilir, amma bu “patı”dan istifadəyə görədir", o deyir.
Psixoloji müalicə alan başqa bir “patı” istifadə etmiş şəxsin sözlərinə görə, ona əsgərlikdən gələndən sonra məhəllədə uşaqlar marixuana çəkməyi (el arasında “nəşə”) təklif ediblər. “Fikirləşdim ki, çəkməsəm pis baxarlar. Əvvəlcə siqaret, marixuana, həb, sonra iynəyə keçdim. Yalanın sayı-hesabı yox idi, evdən oğurluq etmək adiləşmişdi. Asılılıqla bərabər ağrı da yaranır. Arıqlama, əsəbilik halları olur. Günə 3-4 dərman istifadə edirdim. Sabah pul olmayanda dözülməz ağrılarla yenə yalana, oğurluğa baş vurur, bir sözlə hər yola əl atırsan”.
Son günlərə qədər “patı” istifadəçisi olan bir gəncin həyat yoldaşı iki uşağı ilə onu tərk edib. “Patı” onda qıcolma yaradıb, güclə danışır. “Heç uşaqlar yadıma düşmürdü, ancaq ağrıdan necə xilas olmaq barədə düşünürdüm. Narkomanı bir şey maraqlandırır. “Mal” tapıb, istifadə edib, “lomka”dan (ağrıdan) qurtulmaq. “Patı”nın təsirindən əsəblər pozulur deyə, hər sözü tərs başa düşürsən. Əsəblərinə toxunur, sənlə razılaşmayanlara xəsarət yetirirsən. Yoldaşımı, uşaqlarımı vurmuşam.
Əvvəlcə “kola” (“kokos”) sonradan dərialtına da vurmaqla istifadə etdim, həzz azalan kimi keçdim damara. Türkiyəyə işləməyə getmişdim. Orada dərman, “banzay” (adətən “banzay” istifadə edənlər müvazinəti itirib yıxılırlar), “skout” (kimyəvi ot) istifadə edəndən sonra “patı”ya keçdim. Tərləyir, danışırdım, beləcə doza da artırdı”.
Narkotik istifadəçiləri bu dözülməz ağrını belə təsvir edir: “Saç telindən dırnağına kimi ağrı olur. İstər burunla iyləmək olsun, istərsə damar olsun, eyni ağrıdır. Bütün sümüklər ağrıyır, sınır sanki, hərəkət edə bilmirsən, qolunu belə qaldıra bilmirsən, yemək yeyə, yata bilmirsən. İnsan sönür və həyatla bağın qopur. Elə olur ki, bir iynədən bir neçə nəfər istifadə edirik, çünki 40 qəpiklik iynə almağa nə pul qalır, nə də o vəziyyətdə aptekdən iynə almaq yox, tez bir zamanda ağrını kəsmək istəyirsən”.
Həmin vaxt “ananın həyatı, yoxsa narkotika” sənin üçün daha önəmlidir sualına “narkotik” deyə cavab verən bir narkomanın şəxsi faciəsini təsvir etmək üçün başqa sözə heç ehtiyac yoxdur: “Adam özü-özündən iyrənir. Güzgüdə getdikcə özünü tanımırsan. 98 kq idim, indi 69 kiloyam. İstəmədiyin adamlara ağız açırsan. Narkotik adamı sındırır. Narkotik qarşısında aciz olursan, amma həmin vaxt kimsə sənə narkoman desə, heç cür qəbul etmirsən. Cavanlığın, canın gedir. Uşaqlara həsrət qalmışam, qohum-əqrəbanın inamını itirmişəm. Gündə 30-40 manat narkotikə pul verirəm. Anamın gözləri görmür, atam fəhləliklə çörək qazanır. Belə ailənin oğlu da ayda 600 manatı narkotikə xərcləyir. “Bir dəfə istifadə edim və bu sonuncu olacaq” deyirsən, amma o son olmur, sənin sonunu gətirir”.
Metamfetaminin (Kristal meth) qaranlıq dövrü
Metamfetamin narkotik vasitədən çox psixostimuliyatordur. 1893-cü ildə yaponiyalı kimyaçı Naqai Naqayoşi efedrin maddəsindən sintez yolu ilə əldə etdiyi Metamfetamin tibdə istifadə üçün istehsal olunub. Sonradan isə geniş yayılaraq kustar üsulla hazırlanmasına başlanılıb. İlk dəfə İkinci Dünya Müharibəsində əsgərlərə yatmasın və aclıq hiss etməsinlər deyə məcburi qəbul etdiriblər. Hətta faşist lideri Adolf Hitlerin "metamfetamin" asılılığı olduğu və bunun nəticəsində onda Parkinson xəstəliyinin meydana gəldiyi deyilir. Onun üçün də həmişə əsəbi olurmuş, yeri gəldi-gəlmədi tabeliyində olanlara qışqırırmış...
Metamfetamin və amfetamin asılılıq yaratdığı və ölümə səbəb olduğu üçün 1960-cı ildən bəri qadağan edilib. Dünyada yalnız ABŞ-da bəzi xəstələrin müalicəsində istifadə olunur.
Metamfetamin (Patı) istifadəçisinin orqanizmində nə baş verir?
Bu maddə istifadəçinin öncə beyninə təsir edir, şiddətə meyli artırır, çəki itkisinə səbəb olur, beyin qanaması, infarkt, ürək çatışmazlığı, yuxu pozğunluqları, dəridə iltihablar, mədə krampları, bədənin titrəməsi, temperaturun artması, “Met ağzı” deyilən diş çürüməsi, ağız quruluğu, ürəkbulanma, göz bəbəklərində böyümə, yaddaş itkisi, artan qan təzyiqi, yaddaş pozğunluğuna səbəb olur, alkoqol və digər maddələrlə istifadəsi zəhərlənməyə səbəb olur. İlk dəfə istifadə edildikdə adamı güclü və özünə inamlı hiss etdirsə də, yuxu pozğunluğu, mədə ağrıları, ağız quruluğu, dişlərin sızıldaması, bədəndə titrəmə müşahidə edilir. Zamanla ciddi hərəkət pozğunluğu əmələ gəlir, bütün həzz alma hissiyyatını itirirlər. Davamlı istifadə nəticəsində xəyallar görməyə başlayır, qeybdən səslər duyur və getdikcə özünə nəzarəti itirməyə başlayır, bir çox hallarda 2-3 gün yatmır, yeməkdən imtina edir, özünü enerjik hiss edir, eyni zamanda metamfetamindən asılı olan şəxslərdə dərilərinin altında böcək gəzməsi kimi halusunasiya halları tez-tez yaşanır. Ağciyər ödəminə, beyin qanamasına, ürək çatışmazlığı və ürək tutması ilə bağlı ani ölümlərə səbəb olur. Bədəndə yaralar yaradır, ağ ciyəri deşir, insanın duruşunu dəyişir və öldürür. Ondan istifadə edənlərin isə maksimum 3-4 il ömrü olur. İnsan depressiyaya düşür və bu da intihara səbəb olur. Eyni zamanda bu maddənin təsiri altında olan insanların ətrafdakılara aqressivliyi və riskli davranışlara meylliliyi artır. Metamfetamin psixostimuliyator olduğundan bədənin enerji potensialını beyinin iş fəaliyyətinə yönəldir. Beyin bu maddəni istifadə etdikdən sonra aktiv qalır. Beləcə yuxu pozulur, iştah kəsilir, insan daim hərəkətdə olmaq istəyir. Amma təsiri getdikdən sonra insanda tükənmə, yorğunluq, uzun müddət süstlük yaranır. Bundan əlavə, mütəmadi istifadə zamanı beyin uzun müddət oyanıq qaldığı üçün psixoz baş verir. Metamfetamin sintetik maddə olduğundan, onun istifadədən sonra parçalanması zamanı qaraciyər, böyrəklər də ciddi zərər görür. Çünki, orqanlar gərgin iş rejimində işləyir.
Məhv olan gənc nəsil
Narkomaniya təhlükəsi insanı xüsusilə təcrübəsiz dövründə, müdrik olmadığı, həyata tək atıldığı gənclik illərində yaxalaya bilir.
Daxili İşlər Nazirliyinin iyul ayındakı açıqlamasına görə, ölkə ərazisində onlayn satışla bağlı 600 kq-a yaxın narkotik vasitə və 150 kq-dan artıq psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Bu, psixotrop maddə də “patı”, yaxud, “şüşə” adlanan metamfetamindir.
Problemin ən təhlükəli tərəfi “patı” istifadəçilərinin əsasən 25-35 yaş arası gənclər olması, onlar arasında qadınların da olmasıdır. Qadınlar “patı”dan daha çox arıqlamaq üçün istifadə edir, daha sonra onun aludəçisinə çevrilirlər. Metamfetamin orqanizmdə enerji parçalanmasını, metabolizmi sürətləndirdiyi üçün insan tez bir zamanda arıqlayır. Gənclər imtahana yaxşı hazırlaşmaq adı ilə də metamfetindən istifadə edərkən doğurdan da beynin iş qabiliyyəti artır. Beyin daim fəaliyyətdə olduğundan, aktiv iş rejiminə öyrəşir. Normaya qayıtdıqda normanı qəbul edə bilmir. Bu zaman xəstədə depressiya baş verir. Depressiyanın müalicəsini isə narkoloq yox, psixiatr və psixoterapevt etməlidir. Bundan sonra xəstə reabilitasiya keçməlidir.
Son zamanlar məktəb yaşlı uşaqlar arasında da geniş yayılıb. Qiymətinin ucuz olması bu narkotik vasitəni əlçatan edir. Hətta bu gün satışda “patı”nı 10-15 manata təklif edənlər var. “Patı”ya maraq yaratmaq üçün gənclərə stressi atmaqda kömək edən vasitə kimi təqdim olunur.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33788 nəfər təşkil edib. Onlardan 618 nəfəri qadındır. Qeyd edək ki, əvvəlki ildə bu rəqəm 32921 olub.
Narkotikə qurşanmaya, narkotik aludəçiliyinə bəzən çox rahat, yaxud çox çətin həyat nəticəsində yaranan boşluq və depressiv vəziyyət də gətirib çıxarırsa da, əsasən ətraf çevrənin mənfi təsiri, təhsil səviyyəsinin, maarifləndirmənin aşağı olması, valideyn məsuliyyətsizliyi və s. də səbəb olur. Burada şəhərlərin böyüklüyü, inkişaf səviyyəsi, əhalinin sayı, cins və yaş üzrə tərkibi və s. amillər rol oynayır. Dünyada 2 milyon narkoman var ki, onların 40-45% qadın və uşaqlardır. Azərbaycanda misal üçün, heroin istifadəçilərinin əksəriyyəti 64.6% iri şəhərlərdə - Bakı, Sumqayıt, Gəncə və Lənkəranda cəmlənib. Lakin iri şəhərlərlə müqayisədə əhalinin nisbətən seyrək məskunlaşdığı rayonlarda “patı” problemi daha ciddi şəkil alıb. Bu isə bəzi rayonlarımızın mərkəzlə müqayisədə geriliyini artırır və onlar sanki “unudulmuş” bir yarımadaya bənzəyir. Bu da ayrı bir mövzudur...
Gülnar Səlimova
Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır
6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı