Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) baş ofisində Əl-Cəzirə Media Şəbəkəsi ilə BAMF arasında uzunmüddətli münasibətləri rəsmiləşdirən əməkdaşlıq müqaviləsinin imzalanması mərasimi keçirilir.
Ednews xəbər verir ki, tədbirdə ölkəmizdə səfərdə olan Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndələri, qurumun İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzinin direktoru Sami Əl Hacc və Tərəfdaşlıqlar və Araşdırmalar şöbəsinin rəhbəri Hassan Taha Elmogummer iştirak edirlər.
Əl-Cəzirə Media Şəbəkəsinin rəhbərliyi tərəfindən təsdiqlənmiş əməkdaşlıq müqaviləsini rəsmi nümayəndə Sami Əl Hacc və BAMF prezidenti Umud Mirzəyev imzalayacaq.
İmzalama mərasimində BAMF-ın Müşahidə Şurasının sədri Akif Musayev və BAMF-ın BMT-nin Cenevrə ofisindəki nümayəndəsi Osman Əl Hacc iştirak edirlər.
"Əl-Cəzirə" və BAMF arasında imzalanacaq müqaviləyə əsasən Azərbaycan jurnalistlərinin Əl-Cəzirədə təcrübə keçmək imkanları, müxtəlif beynəlxalq tədbirlərdə birgə iştirak və jurnalist mübadiləsi proqramlarının icrası reallaşacaq.
Həmçinin, daha əvvəllər Əl-Cəzirə Media Şəbəkəsinin peşəkar təlimçiləri tərəfindən Azərbaycan jurnalistləri üçün keçirilən iki böyük peşəkarlıq və təhlükəsizlik təlimlərinin davamı olaraq yenidən silsilə təlimlərin keçirilməsi nəzərdə tutulub.