Xəbər verdiyimz kimi, paytaxtın mərkəzində Bülbül prospektində piyada yolunun şəxsi dayanacağa çevrilməsi ilə bağlı məlumat paylaşılıb. Ağacların kəsilərək yerində “parkovka” salınması ictimaiyyətdə ciddi tənqid edilib.
Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında avtomobil üçün park yerinin salınması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Ednews-a verilən məlumata görə, paytaxtın əsas yollarında təmir və yenidənqurma işlərini “Azəravtoyol” ASC həyata keçirir və bu parklanma yeri ilə əlaqədar BŞİH tərəfindən heç bir rəy verilməyib. Bildirilib ki, məsələ ilə bağlı araşdırmaların aparılması üçün aidiyyəti qurumlara müraciət edilib.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Ednews-a açıqlamasında isə bildirib ki, paytaxtın küçə və yollarının təmir və yenidənqurma işlərini təbii ki, AAYDA həyata keçirir.
Lakin...
"Dövlət Agentliyi tərəfindən yolun hərəkət hissəsindən kənar yəni piyada səkisi olan hissələrdə küçələrin təmiri və yenidənqurma işləri, yalnız Bakı Nəqliyyat Agentliyinin layihəsi əsasında həyata keçirilə bilər. Digər hallarda sözügedən ərazilərdə AAYDA tərəfindən hər hansı bir işin aparılması qeyri-mümkündür. Agentlik olaraq bizim tərəfdən də sözügedən məsələ ilə bağlı araşdırma aparılır",- deyə, A. Nəcəfli qeyd edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, hazırda Nazirliyin əməkdaşları həmin ərazidədir.
Araşdırma aparılır.