Paytaxtın bəzi prospekt və küçələrində sürət həddi endirilib.
Təklif Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması üçün hazırlanaraq Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılıb. Bununla da paytaxtın 14 yol sahəsində sürət həddi endirilib. Qaydaların dəyişdirilməsi əsasən paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin qarşısını almaq üçün nəzərdə tutulub.
BNA-nın bu qərarı cəmiyyət arasında birmənalı qarşılanmayaraq böyük narazılıqlara səbəb olub. Bəzi sürücülər sürət həddinin azaldılmasını onsuzda sıx olan yollarda tıxacların artmasına səbəb olacağını bildiriblər.
Məsələ ilə bağlı Ednews-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, şəhərdaxili sürət həddinin aşağı salınması problem yaratmayacaq.
“Əksinə bu qərar qəza və ölüm saylarını aşağı salacaq. Həmçinin, piyadaların və velosipedçilərin təhlükəsizliyi üçün çox yaxşıdır. Sürət həddi azaldıqca, yollarda olan risk həddi də aşağı enir. Bəzi yollar var ki, sürət az olduqda tıxac yaranır. Lakin bu 14 yolda sürət bir qədər azaldığı üçün tıxaca səbəb olmayacaq”.
Ekspertin fikrincə, bəzilərinin iddia etdiyi kimi bu qərar tıxacların yaranmasına səbəb olmayacaq.
“Tıxacın yaranmasının səbəbi hərəkət sürəti deyil, avtomobillərin qeyri-stabil hərəkətidir. Sürətin tez-tez azaldılıb və artılması həm avtomobil üçün zərərlidir, həm də tıxacın yaranmasına səbəbdir. Bu yollarda sürətin azaldılması tıxaca səbəb olmayacaq. Tıxacın səbəbləri, əsasən, çox sayda piyada keçidinin olmasıdır. Yəni piyada keçidlərinin və işıqforların çox olmasının səbəbi tez-tez sürəti azaltmağa səbəb olur. Bu da tıxac yaradır. Fikrimcə sürət həddinin azaldılması doğru qərardır. Bu qərar şəhərlərarası magistral yollara şamil olsaydı effektiv olmayacaqdı. Amma şəhərdaxili yollara tətbiqi məqsədə uyğundur”.
Aysel Şahmar