Son zamanlar havaların anomal isti keçməsi çay və dənizlərin suyunun qurumasına səbəb olub. Ekoloqlar bu hadisələri Yer planeti üçün təhlükəli vəziyyət adlandırıb.
Qazaxıstanda Xəzər dənizində suyun azalması ilə bağlı fövqalədə vəziyyət elan edilib. Bu, Azərbaycan üçün də təhlükə mənbəyi sayıla bilərmi?
Məsələ ilə bağlı ekoloq Rövşən Abbasov Ednews-a açıqlama verib.
Onun sözlərinə görə, Qazaxıstanda Xəzər dənizi çox dayazdır.
“Elə yerlər var ki, kilometrlərlə dəniz geriyə çəkilib. Bu da qum fırtınasının yaranmasına səbəb olur. Həm də sahilyanı ərazilərdə infrastruktur problemləri var. Həmin problemlər bizdə də var. Lakin o qədər də çox deyil. Azərbaycanda Xəzər dənizi daha dərindir. Hesab etmirəm ki, ölkəmiz üçün fövqalədə vəziyyət elan olunsun. Lakin təxirə salınmaz işlər görməliyik. Xüsusilə limanlarda, sahilə bağlı bütün infrastruktur yerlərdə ciddi işlər aparılmalıdır”.
Ekoloq bilirib ki, hazırda Qazaxıstanda isti havalarla əlaqədar meşə yanğınları da davam edir.
“Dünyada və ölkəmizdə yaz ayları kifayət qədər quraqlıq keçib. Meşə zolaqlarında çoxlu quru kütlələr yaranıb. Bu da yanğın risklərini artırır. Azərbaycanda da meşə yanğınlarının olacağı ehtimalı böyükdür. Yanğına qarşı hazırlıqlı olmaq lazımdır. Mütləq vətəndaşlar maarifləndirilməlidir. Müvafiq qurumlar hazırlıq vəziyyətinə gətiriliməldir”.
Aysel Şahmar