“İlk növbədə bütün azərbaycanlıları, o cümlədən dünya azərbaycanlılarını 18 oktyabr – Müstəqillik Günü ilə bağlı təbrik edirəm. O gün olsun Azərbaycan Respublikası dünyada tərəqqi edərək birinci sıralarda olsun”.
Bu sözləri Ednews-a Azərbaycan SSR Ali Soveti sədrinin keçmiş müşaviri Cahangir Nəcəfov deyib. O Müstəqillik Günü ilə bağlı qəbul edilən bəyannaməni yada salıb:
“Müstəqillik Günü ilə bağlı bəyannaməni xatırlayıram. 1991-ci ilin avqust ayı idi. Ali Sovetin sədri Elmira Qafarova məni yanına çağırdı və dedi ki, bir bəyannamə hazırlamaq lazımdır. Bu Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi barəsində bəyannamə olmalıdır hansını ki, Ali Sovetin sessiyasında qəbul edək. Keçdim otağıma və xeyli fikirləşdim. Allah rəhmət eləsin, görkəmli jurnalist Nəcəf Nəcəfov yadıma düşdü. “Biz heç unutmamalıyıq ki, Azərbaycan dövlətçiliyi hələ 1918-ci ildən başlayıb”, bu sözlər Nəcəf müəllimə məxsus idi. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpası haqqında bəyannamə hazırlayaq deyə fikirləşdim. Bu təkliflə Elmira xanımın qarışısına keçdim. O da məsləhət etdi və mənə müsbət cavab verdi”.
C.Nəcəfovun sözlərinə görə, bərpa haqqında bəyannamə Azərbaycan tarixində mühüm rol oynadı. Çünki tariximiz, demokratiyamız, müstəqilliyimiz 1918-ci ildən bəri gəlir:
“Biz bunu unutmamalıyıq. 28 May 1918-ci il tarixdə əbədi qalmalıdır. Bu bizim Respublika Günümüzdür. Sözügedən bəyannamə 1991-ci ilin, avqustun 30-da qəbul edildi və onun əsasında oktyabrın 18-də Konstitusiya Aktı qəbul olundu. Bu qanunun üstündə böyük bir komissiya çalışdı. Yadımdadır, bu komissiyanın üzvlərindən Şahin Əliyev, Tamerlan Qarayev vardı. Aktı Ali Sovetin sessiyasında Hacıbaba Əzimov oxudu. O vaxtı Hacıbaba müəllim Milli Məclisin hüquq komissiyasının sədri idi. 18 oktyabr Azərbaycan tarixində Konstitusiya Aktı qəbul ediləndən sonra müstəqilliyimizin hüquqi bünövrəsi qoyuldu. Xoşbəxt adamam ki, bu prosesdə mənim zərrə qədər də əməyim olub”.
Fuad Abbasov