Nəsimi rayonunda piyadaların təhlükəsizliyinin təmin olunması və onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbir keçirilib.
EDnews xəbər verir ki, tədbir Nəsimi Rayon Polis İdarəsinin Baş Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən təşkil olunub.
Tədbir zamanı yaxınlıqda yerüstü və yeraltı piyada keçidlərinin olmasına baxmayaraq, onlardan istifadə etməyən piyadalar müəyyən edilərək saxlanılıblar. Bildirilib ki, həmin şəxslər nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yollarda hərəkət etməklə həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıblar.
Saxlanılan piyadalarla maarifləndirici söhbətlər aparılıb, onlara yol hərəkəti qaydalarına əməl etməyin vacibliyi və bunun insan həyatının qorunmasındakı mühüm rolu barədə məlumat verilib.
Qeyd edilib ki, piyadaların təhlükəsizliyinin təmin olunması istiqamətində polis əməkdaşları tərəfindən profilaktik tədbirlər ölkə üzrə davam etdirilir.









