İyulun 5-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan Rəşad Məmmədovun son vəziyyəti açıqlanıb.
Naxçıvan Muxtar Respublikasının Mərkəzi Xəstəxanasından EDnews-un sorğusuna cavab olaraq bildirilib ki, Rəşad Məmmədovun hazırkı vəziyyəti stabil qiymətləndirilir və həyati təhlükəsi yoxdur.
Onun sözlərinə görə, xəstənin bədəninin bir neçə nahiyəsində, o cümlədən çanaq sümüyündə sınıqlar aşkarlanıb.
"Xəstənin əməliyyat olunması planlaşdırılır. Hazırda əməliyyata hazırlıq prosesi aparılır və xəstə bir neçə gün həkim nəzarətində stasionar müalicəsini davam etdirəcək", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, iyulun 5-də Şərurun Püsyan kəndi ərazisində qeydə alınan ağır yol qəzasında bir ailənin üç üzvü – ata, ana və 2025-ci il təvəllüdlü uşaq həlak olub. Qəza ilə bağlı Baş DYP İdarəsi məlumat yayıb. İlkin araşdırma zamanı məlum olub ki, Şərur rayon sakini Rəşad Məmmədov idarə etdiyi “Lifan” markalı avtomobillə hərəkətdə olarkən, hazırda istintaqa məlum olmayan səbəbdən idarəetməni itirərək qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxıb və həmyerlisi Nəvai Həsənovun idarə etdiyi “VAZ” markalı avtomobillə toqquşub. Nəticədə Nəvai Həsənov və sərnişinləri - həyat yoldaşı və azyaşlı övladı hadisə yerində həlak olub, 7 yaşlı qızı, eləcə də R.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Unikal.az-ın məlumatına görə, N.Həsənov hərbçi olub.








