Yay mövsümünün başlaması ilə ölkə daxilində istirahətə maraq artıb. Xüsusilə də paytaxt sakinlərinin bir çoxu asudə vaxtlarını keçirmək üçün bölgələrə üz tutur. Bu isə regionlarda hotellər, kirayə evlər və istirahət mərkəzlərində qiymətlərin necə formalaşdığı sualını aktuallaşdırır.
Bəs, hazırda bölgələrdə istirahət neçəyə başa gəlir və qiymətlər əvvəlki dövrlə müqayisədə necə dəyişib?
Mövzu ilə əlaqədar iqtisadçı Eyyub Kərimli EDnews-a açıqlamasında qeyd edib ki, qiymətlər bölgələrə görə dəyişir:

"Bəzi hallarda qiymətlər daha yüksək olur və göstərilən xidmət bu qiymətlərə uyğun gəlmir. Bir sıra bölgələrdə isə qiymətlər daha münasib və əlçatandır. Bu səbəbdən, insanlara regionlara istirahətə getməzdən əvvəl ciddi araşdırma aparmaq tövsiyə olunur. Hazırda müşahidə ediləndir ki, insanlar daha çox fərdi evlərin kirayəsinə üstünlük verirlər. Regionlarda “A-frame” tipli və digər fərdi tikililər icarəyə verilir. Bayram və istirahət günlərində həmin evlərə tələbatın daha çox olduğu, kirayə yerlərdə sıxlıq yarandığı görünür".
İqtisadçının sözlərinə görə, digər tərəfdən, restoranlarda və ictimai iaşə obyektlərində də bəzi hallarda qiymətlərin göstərilən xidmətə uyğun olmadığı görünür. Buna görə də, regionlarda turizm sahəsində çalışan sahibkarlar bu istiqamətdə ciddi araşdırma aparmalı, qiymət və xidmət nisbətini düzgün qorumalıdırlar. Bu, onlara daimi müştəri axınının təmin olunması baxımından vacibdir".
Eyyub Kərimli hesab edir ki, rəqabət artdıqca qiymət siyasəti də tədricən öz uyğunluğunu tapır. Əgər tələbat yüksəkdirsə, yerli turizm xidmətlərində qiymət artımı müşahidə oluna bilər. Lakin tələb azaldıqca, yerli istirahət və xidmət sektorunda qiymətlərin aşağı düşməsi də mümkündür.
Aytac Kərimova | EDnews







