Mingəçevirdə qeydiyyatsız pivə istehsalı faktı aşkar edib.
EDnews xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb.
DVX-nin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin apardığı təhlil və monitorinqlər nəticəsində Mingəçevir şəhəri, A.Şaiq küçəsi, ev 1 ünvanında yerləşən istehsal obyektində rəsmi uçotdan kənar pivə istehsal edilməsi və məhsulun qeyri-rəsmi dövriyyəyə çıxarılması ilə bağlı şübhələr yaranıb.
Təyin olunmuş operativ nəzarət tədbiri zamanı həmin ünvanda fəaliyyət göstərən fərdi sahibkar Xəyyam Tağıyevin təsərrüfat subyektini vergi orqanlarında uçota almadan fəaliyyət göstərdiyi müəyyən olunub.
Yoxlama zamanı istehsal sahəsində və müxtəlif anbarlarda ümumilikdə 198 min litr hazır pivə məhsulu, qablaşdırma üçün nəzərdə tutulmuş çoxsaylı çəlləklər, həmçinin mənşəyini təsdiq edən sənədləri olmayan 14 ton arpa səmənisi, 300 kiloqram pivə mayası və 2 tondan çox digər istehsal xammalı aşkar edilib.
Faktlar qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilib və müvafiq tədbirlər görülüb












