Rusiyanın xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova azərbaycanlı qrossmeyster Teymur Rəcəbovla nişanlandığını elan edərək hər kəsi şoka salıb.
EDNews.net “Sputnik Azərbaycan”-a istinadən xəbər verir ki, Maksakova İnstagram səhifəsində Rəcəbovla 2021-ci il şahmat üzrə dünya çempionatının başladığı Dubayda çəkilmiş iki birgə fotosunu dərc edib: “Nişanlım Teymur Rəcəbovla”, “Bir az yorulmuşuq, amma matç hələ başlamayıb”, - Anna şəkillərə şərh yazıb.
Rəcəbovun özü şəxsi həyatında baş verən dəyişikliklərlə bağlı hələlik açıqlama verməyib, lakin o da sosial şəbəkədə bu fotoları paylaşıb.
Xatırladaq ki, Teymur Rəcəbovun həyat yoldaşı Elnarə Nəsirlidir (SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun qızı). Cütlük 2011-ci ildə ailə həyatı qurub. 2013-cü ildə onların qızı Məryəm dünyaya gəlib. İndiyədək cütlüyün ayrılması ilə bağlı məlumat yayılmayıb.
Anna Maksakova Rusiyanın xalq artisti Lyudmila Maksakova və SSRİ-nin ABŞ-dakı əfsanəvi səfiri Anatoli Dobrıninin nəvəsidir. O, “MQİMO”nun Beynəlxalq Biznes və Biznesin İdarə Edilməsi fakültəsini bitirib.
Ürəyinin açarı ilə bağlı sualı cavablandıran Anna Maksakova vurğulayıb:
"Məni heyran etmək üçün istənilən şəraitdə öz mənliyində qalmalısan".