Azərbaycan futbol azarkeşlərinin yaxşı tanıdığı ukraynalı mütəxəssis Roman Qriqorçuk yenidən gündəmə gəlib. "Qəbələ" və "Neftçi" klublarının sabiq baş məşqçisi olan 60 yaşlı çalışdırıcının işsiz dövrü uzun çəkməyəcək kimi görünür.
EDnews xəbər verir ki, Ukrayna mətbuatı Qriqorçukun həm öz ölkəsindən, həm də Azərbaycandan baş məşqçi təklifi aldığını yazır. Onun son olaraq çalışdırdığı Ukraynanın LNZ klubu ilə yolları yaxın günlərdə ayrılıb. Bundan sonra təcrübəli mütəxəssisə iki fərqli ölkədən rəsmi təkliflər göndərildiyi bildirilir.
Azərbaycan təmsilçisinin adı hələlik açıqlanmasa da, Qriqorçukun ölkəsində – Ukraynada "Rux" Lvov komandasının baş məşqçi postuna ən real namizəd olduğu iddia edilir. Bu klub qısa müddət əvvəl baş məşqçi Vitali Ponomaryov ilə yollarını ayırıb və boş qalan post üçün əsas namizəd kimi məhz Roman Qriqorçukun adı ön plana çıxır.
Xatırladaq ki, Roman Qriqorçuk 2015–2018-ci illərdə “Qəbələ”, 2024-cü ilin əvvəlində isə “Neftçi” klubunu çalışdırıb. Onun "Qəbələ" ilə əldə etdiyi nəticələr, xüsusilə Avropa Liqasındakı çıxışları Azərbaycan futbol ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.
Hansı kluba gedəcəyi yaxın günlərdə bəlli olacaq – lakin bir şey dəqiqdir: Roman Qriqorçuk futbol səhnəsinə güclü qayıdış etməyə hazırlaşır.
Fatima Şükürova // EDnews