"Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen rəhbərlik qarşısında geri addım atmaq niyyətində deyil. 33 yaşlı alman ya karyerasını klubda davam etdirmək, ya da müqavilə pozulacağı təqdirdə tam təzminat almaq istəyir.
“EDnews” xəbər verir ki, Ter Ştegen klubdan sızan və onun peşəkarlığını şübhə altına alan məlumatlara görə özünü xəyanətə uğramış hesab edir. O, məzuniyyətdən sonra komandaya qayıdaraq mövsümöncəsi hazırlıqlarda iştirak etmək niyyətindədir. Qolkiper yeni transfer - Joan Qarsiyaya qarşı əsas heyət uğrunda mübarizəni udacağına əmindir.
Bundan əvvəl İspaniya mətbuatı yazırdı ki, "Barselona" Mark-Andre ter Ştegenlə olan müqaviləni pozmaq istəyir, lakin ona yalnız bir mövsümlük maaş ödəməyi planlaşdırır. Halbuki müqaviləyə əsasən, Ter Ştegenin hələ üç illik maaş almaq hüququ var.
Ter Ştegenin "Barselona" ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir. "Transfermarkt" portalı onun bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirir.