Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Rusiyanın Yekaterenburq azərbaycanlılara qarşı həyata keçirilən əməliyyatlarla bağlı Rusiya Federasiyasının prezidenti Vladimir Putinə müraciət edib.
"EDnews" xəbər verir ki, müraciətdə deyilir:
Son iki gün ərzində Rusiya Federasiyasının Sverdlovsk vilayətində dəhşətli hadisələr baş verir: hüquq-mühafizə orqanlarının əməkdaşları, xüsusilə OMON qüvvələri azərbaycanlı ailələrə qarşı amansız və qeyri-insani davranışlara yol verirlər – qanunsuz saxlamalar, zorakılıq halları, eləcə də 3 nəfərin ölümü ilə nəticələnən hadisələr baş verib.
Bu cür əməllər təkcə beynəlxalq hüquq və insan haqlarının norma və prinsiplərini pozmaqla kifayətlənmir, eyni zamanda Azərbaycan və Rusiya xalqları arasında uzun illər ərzində formalaşmış dostluq və əməkdaşlıq ruhunu sarsıdır.
Mən şəxsən Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Vladimiroviç Putinə müraciət edərək, baş verənlərə dərhal reaksiya verməyə və aşağıdakı tədbirlərin təmin olunmasına çağırıram:
-bu faktların təcili şəkildə araşdırılması üçün prosesə birbaşa müdaxilə edərək məsələni şəxsi nəzarətinə götürməsi;
-azərbaycanlı icmasının təhlükəsizliyinin təmin olunması;
-bütün məsul şəxslərin qanun qarşısında cavab verməsinin təmin edilməsi;
-və bu kimi faciəvi hadisələrin bir daha təkrarlanmamasına zəmanət verilməsi.
Umud Mirzəyev
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti