ABŞ millisinin hücumçusu Folarin Baloqan Dünya Çempionatının 1/8 finalında Belçikaya qarşı keçiriləcək oyunda komandasına kömək edə biləcək.
EDnews xəbər verir ki, FIFA-nın İntizam Komitəsi 25 yaşlı futbolçuya tətbiq olunan bir oyunluq diskvalifikasiyanın icrasını dayandırıb.
Qərara əsasən, Baloqan cəzasını çəkmədən Belçikaya qarşı meydana çıxacaq.
Baloqan iyulun 1-də Bosniya və Herseqovinaya qarşı 2:0 hesabı ilə başa çatan 1/16 final oyununda birbaşa qırmızı vərəqə almışdı. O, VAR baxışından sonra bosniyalı müdafiəçi Tarik Muharemoviçə qarşı kobud oyuna görə meydandan kənarlaşdırılmışdı.
FIFA-nın açıqlamasına görə, qərar İntizam Məcəlləsinin 27-ci maddəsi əsasında qəbul edilib. Həmin maddə məhkəmə orqanına sınaq müddəti tətbiq etməklə cəzanın icrasını tam və ya qismən dayandırmağa imkan verir.
Beləliklə, Baloqanın bir oyunluq cəzasının icrası bir illik sınaq müddətinə təxirə salınıb. Bu müddət ərzində futbolçu oxşar intizam pozuntusuna yol verərsə, dayandırılmış cəza dərhal qüvvəyə minəcək və yeni sanksiyalarla birlikdə tətbiq olunacaq.
ABŞ Futbol Federasiyası qərarı məmnunluqla qarşılayıb.
“İntizam Komitəsinin qərarını qəbul edirik və Folarin Baloqanın sabah oynamaq hüququ əldə etməsindən məmnunuq. Bütün diqqətimiz Belçikaya qarşı keçiriləcək 1/8 final matçına yönəlib”, – federasiyanın açıqlamasında bildirilib.
ABŞ Prezidenti Donald Tramp da qərara münasibət bildirərək FİFA-ya təşəkkür edib.
Qeyd edək ki, Baloqan DÇ-də ABŞ millisinin əsas hücum güclərindən biridir. O, turnirdə keçirdiyi dörd oyunda üç qol vuraraq komandasının bombardiri olub.






.jpeg)
