İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf HƏMAS-ın Şura Məclisinin sədri Məhəmməd Dərvişlə Tehranda keçirdiyi görüşdə ABŞ və İsraillə bağlı sərt açıqlamalar verib.
EDnews-un xəbərinə görə, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, Qalibaf görüş zamanı İranın müsəlmanlara və “Müqavimət Cəbhəsi”nə ehtiyac yarandığı təqdirdə həm raket, həm də siyasi dəstək verməyə davam edəcəyini bildirib.
“ABŞ ilə sülh yoxdur və İsraili rəsmi olaraq tanımayacağıq”, – deyə o vurğulayıb.
Parlament sədri əlavə edib ki, diplomatiya hərbi uğurları qoruyub möhkəmləndirməli, “şəhidlərin qisası isə Qüdsün azad edilməsidir”.
Görüşdə çıxış edən HƏMAS rəsmisi Məhəmməd Dərviş isə İran və ABŞ arasında imzalanmış anlaşma memorandumunu “Müqavimət Cəbhəsi”nin qələbəsi kimi qiymətləndirib.
Onun sözlərinə görə, sənədin “hər bir bəndi İran üçün qələbə, ABŞ üçün isə məğlubiyyət” hesab oluna bilər.







