Rəqəmsal texnologiyaların sürətli inkişafı ilə yanaşı, kiberzorakılıq halları da artmaqdadır.
Mütəxəssislər bildirirlər ki, internet və rəqəmsal platformalar vasitəsilə həyata keçirilən təzyiq, şantaj, izləmə və şəxsiyyət oğurluğu müasir dövrün ən ciddi təhlükələrindən biridir.
"Kaspersky Lab"ın Amerika və Avropa üzrə Tədqiqat Mərkəzinin rəhbəri vəzifəsini icra edən Tatyana Şişkovanın sözlərinə görə, kiberzorakılığın ən geniş yayılmış formaları rəqəmsal izləmə (stalkerware), şəxsi məlumatların icazəsiz yayılması (doksinq) və saxta hesablar vasitəsilə şəxsiyyətin təqlid edilməsidir.
Şirkətin araşdırmasına əsasən, respondentlərin 16,5 faizi rəqəmsal platformalarda bloklanma və ya kənarlaşdırılma, 15,1 faizi təhqiramiz mesajlar, 14,1 faizi haqqında yalan məlumatların yayılması, 11,2 faizi isə istənməyən cinsi xarakterli mesajlarla qarşılaşıb. Bundan başqa, 10 faiz saxta hesabların, 8,5 faiz rəqəmsal təqibin, 7,9 faiz maliyyə fəaliyyətinin izlənməsinin, 7,8 faiz casus proqramlarla nəzarətin, 5,4 faiz isə doksinqin qurbanı olduğunu bildirib.
Şişkova qeyd edib ki, casus proqramlar adətən qısqanc və ya etibarsız tərəfdaşlar tərəfindən qurbanın telefonuna fiziki giriş əldə edilərək quraşdırılır. Onun sözlərinə görə, belə proqramlar aşkar edildikdə onları dərhal silmək tövsiyə edilmir. Çünki bunu quraşdıran şəxs proqramın silindiyini dərhal anlaya bilər və bu, qurban üçün daha təhlükəli vəziyyət yarada bilər.
Ekspert həmçinin xəbərdarlıq edib ki, doksinq hallarında istifadəçilər çox vaxt fişinq üsulu ilə aldadılır. Hücumçular saxta internet səhifələri vasitəsilə istifadəçinin hesab məlumatlarını ələ keçirərək şəxsi şəkilləri və digər məlumatları internetdə yayımlaya bilirlər. Buna görə naməlum keçidlərə daxil olmamaq və hesabların təhlükəsizliyini qorumaq vacib hesab olunur.
Mütəxəssis saxta profillərin də ciddi təhlükə yaratdığını vurğulayıb. Onun sözlərinə görə, son dövrlər süni intellekt vasitəsilə hazırlanmış real görünüşlü foto, video və səs yazılarından istifadə edilərək insanları aldatmaq halları artıb. Yeni yaradılmış hesablar, az sayda dost, qeyri-real görünən fotolar və şəxsi məlumatların qısa müddətdə tələb olunması saxta hesabların əsas əlamətləri hesab edilir.
Şişkova istifadəçilərə iki faktorlu autentifikasiyadan istifadə etməyi, şəxsi məlumatları ictimaiyyətə açıq paylaşmamağı və internetdə tanış olduqları şəxslərlə ünsiyyətdə ehtiyatlı davranmağı tövsiyə edib.
(Mənbə: Gazeta.ru)







