Türkiyədə NATO ilə bağlı keçirilən tədbirlər fonunda bəzi etiraz aksiyalarının baş verməsi ictimai müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı EDnews-a açıqlama verən politoloq Elxan Şahinoğlu etirazların səbəblərini və Türkiyənin NATO-ya münasibətini dəyərləndirib.

Politoloq bildirib ki, Türkiyə NATO-nun üzvü olsa da, ölkədə bu üzvlüyə qarşı çıxan müəyyən siyasi qruplar mövcuddur:
“Türkiyədə əsasən radikal sol qüvvələr, kommunist və sol yönümlü təşkilatlar uzun illərdir NATO üzvlüyünün
əleyhinədirlər. Bu baxımdan, Ankarada NATO ilə bağlı yüksək səviyyəli tədbirlər keçirilərkən kiçik etiraz aksiyaları təşkil etməyə çalışırlar”.
Onun sözlərinə görə, bu etirazlar Türkiyə cəmiyyətinin ümumi mövqeyini əks etdirmir:
“Bu, cəmiyyətin çox kiçik bir hissəsinin mövqeyidir. Bəzən Türkiyə ilə bəzi Qərb ölkələri arasında münasibətlərdə gərginlik yaşansa da, Ankara heç vaxt NATO-dan çıxmağı düşünməyib. Bu məsələ ilə bağlı əsas siyasi partiyalar arasında da ciddi fikir ayrılığı yoxdur”.
Politoloq vurğulayıb ki, NATO-ya qarşı narazılıqlar əsasən radikal sol dairələrlə məhdudlaşır:
“Bu qüvvələr zaman-zaman küçə yürüşləri və etiraz aksiyaları keçirməyə cəhd göstərirlər. Lakin bu aksiyaların ciddi təsiri olmur. Ankarada NATO ilə bağlı tədbirlər yüksək səviyyədə keçirilir və alyansın gündəliyində duran mühüm təhlükəsizlik məsələləri müzakirə edilir”.







