Bu gün Türkiyə Respublikasının 97-ci ildönümü münasibəti ilə başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bir çox rəsmilər Mustafa Kamal Atatürkün qəbrini ziyarət edib, məzarı önünə əklil qoyulub və himn oxunub.
Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ərdoğan "Anıtqəbir" xüsusi xatirə dəftərinə bunları yazıb:
"Əziz Atatürk, cumhuriyyətimizin 97-ci il dönümünə qovuşmanın xoşbəxtliyini yaşadığımız bu xüsusi gündə bir daha qarşındayıq. Zat-alinizi və Qurtuluş Savaşımızın bütün qəhrəmanlarını, millətimizin müstəqilliyi və gələcəyi naminə gözlərini qırpmadan şəhadətə varan əziz şəhidlərimizi rəhmətlə yad edirik və qazilərimizə minnətdarlığımızı bildiririk".
Bizə əmanət etdiyiniz Cümhuriyyəti irəli aparmaq, hədəfləri və xəyalları ilə bir araya gətirmək üçün bütün gücümüzlə çalışırıq. Bu gün Türkiyə demokratiyadan azadlığa, hərbidən iqtisadiyyata, səhiyyədən xarici siyasətə qədər hər sahədə uğurdan uğura irəliləməkdədir. Ölkəmizin önünü kəsməyə istiqamətlənmiş daxildən və xaricdən gələn hücumlar mübarizə əzmimizi gücləndirir və qətiyyətimizi daha da artırır. Zəfərlərlə dolu şərəfli keçmişimizdən cəsarət alaraq birlik, həmrəylik və qardaşlıq içində ortaq gələcəyimizə doğru addımlamağa davam edəcəyik. Ruhun şad olsun".
Mərasimin ardından Anıtqəbir vətəndaşların ziyarətinə açıldı.