İranın Qeydiyyat Təşkilatı Əlburan adlı azərbaycanlı uşağa doğum haqqında şəhadətnamənin verilməsindən imtina edib.
Ednews "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, buna səbəb körpənin adının türk mənşəli olmasıdır.
Buna görə Urmiyalı uşaq 5 aydır ki, doğum haqqında şəhadətnaməsiz qalıb.
Körpənin atası Əbülhəsən Yari Urmiya şəhər Məhkəməsinə şikayət edib.
Qeyd edək ki, İranın Vətəndaş Qeydiyyatı Təşkilatı yeni doğulan uşaqlar üçün siyahı təqdim edib. Bu qurum ailələri övladlarının adlarını həmin siyahıdan seçməyə məcbur edir. Siyahıda üstünlük fars adlarına verilir və çox məhdud sayda türk adlarına rast gəlmək olur.
Bundan öncə Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaşanıb və məsələ ictimailəşdirilib. Ayıl, Sevgi, Yağış, Anar, Atakan, Oğuz, Türkay, Elcan, Tarkan və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciət edib, sosial mediada etirazlarını bildiriblər.