İstanbuldan Rusiyanın Mineralnıye Vodı şəhərinə uçan sərnişin təyyarəsi geri qayıdır.
EDnews xəbər verir ki, bu barədə aviadispetçer dairələri məlumat yayıb.
Məlumata görə, təyyarənin geri qayıtmasına göyərtədə mümkün texniki nasazlığın yaranması səbəb olub.
“İstanbuldan Mineralnıye Vodıya uçan təyyarə göyərtədə mümkün nasazlıq səbəbindən İstanbul aeroportuna geri qayıdır”, - deyə agentliyin həmsöhbəti bildirib.
Nasazlığın konkret xarakteri barədə məlumat verilməyib.
Dünya hava hərəkətini izləyən onlayn sistemlərin məlumatına görə, sərnişin təyyarəsi havaya qalxdıqdan sonra həyəcan siqnalı verib.
Flightradar24 portalının məlumatında qeyd olunur ki, təyyarə İstanbul Beynəlxalq Hava Limanından qalxıb və Türkiyə hava məkanında, Qara dəniz üzərində təxminən 10 min metr hündürlüyə yüksəlib. Bundan sonra layner enişə başlayıb, geri dönüb və həyəcan siqnalı göndərib.
Hazırda təyyarənin təxminən 3 min metr hündürlükdə İstanbul aeroportuna doğru hərəkət etdiyi bildirilir.






