İsrail mediası NATO Sammiti ərəfəsində Türkiyənin müdafiə sənayesindəki yüksəlişini diqqət mərkəzinə gətirib.
EDnews xəbər verir ki, İsraildə yayımlanan “Biz” xəbər saytı Ankaranın ev sahibliyi edəcəyi NATO Sammiti öncəsi Türkiyənin müdafiə sənayesinə dair geniş təhlil dərc edib.
Təhlildə qeyd olunub ki, sammit yalnız diplomatik görüş deyil, eyni zamanda Türkiyənin son illərdə formalaşdırdığı müdafiə sənayesi gücünü Avropa və ABŞ-a nümayiş etdirəcəyi mühüm platformadır.
İsrail mediası yazır ki, Türkiyə artıq yalnız güclü ordusu və geosiyasi mövqeyi ilə deyil, həm də silah, sursat və təhlükəsizlik sistemlərini sürətli və rəqabətədavamlı xərclərlə istehsal edə bilən ölkə kimi ön plana çıxır.
Məqalədə Avropanın təhlükəsizlik sahəsində doldura bilmədiyi boşluğu Türkiyənin bağladığı vurğulanıb. Bildirilib ki, döyüş meydanında özünü sübut edən Türkiyə müdafiə sənayesinin istehsal tempinə çatmaq çətindir.
“Avropanın təhlükəsizlikdə yeni limanı Türkiyədir və bunu artıq görməzdən gəlmək mümkün deyil”, - deyə təhlildə qeyd olunub.
İsrail mediasına görə, Türkiyənin müdafiə ixracatının illik həcmi 10 milyard dolları ötüb. Məqalədə ötən il müdafiə ixracının 56 faizinin ABŞ, Avropa ölkələri və digər Qərb müttəfiqlərinə həyata keçirildiyi bildirilib.
Təhlildə bunun Ankara ilə Qərb arasında son illərdə müşahidə olunan yaxınlaşmanın əsas göstəricilərindən biri olduğu vurğulanıb.







