Ermənistan üçün yeni Konstitusiyanın qəbul edilməsi parlament çoxluğunun gündəliyində qalır.
EDnews "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə vətəndaşlara təbrik mesajında bildirib.
Paşinyan hesab edir ki, Əsas Qanun təkcə hüquqi qayda yaratmaqla kifayətlənməməli, həm də suverenliyin daşıyıcısı kimi xalqla üzvi əlaqəyə malik olmalıdır.
Baş nazir qeyd edib ki, konstitusiya yalnız vətəndaşların iradəsinin azad ifadəsi əsasında qəbul edilməlidir; bu, dövlətin sabitliyi və inkişafı üçün əsas şərtdir.
Onun sözlərinə görə, müstəqillikdən sonra bu şərt əhəmiyyətli dərəcədə pozulub və məhz buna görə də vətəndaşlar mövcud hüquqi qaydaların onlardan qaynaqlandığını hiss etməyiblər.
Paşinyanın fikrincə, məhz bu əlaqənin olmaması dövlətin uzun müddət vətəndaşlar tərəfindən öz təhlükəsizliyini, azadlığını və rifahını təmin etmək üçün "alət" kimi qəbul edilməsinə səbəb olub.
Xatırladaq ki, 2026-cı ilin mart ayında Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan yeni Konstitusiya üzərində işlərin başa çatdığını bildirmişdi. O, həmçinin Konstitusiyanın ayın sonuna qədər dərc olunacağını iddia etmişdi, lakin bu baş vermədi.








