Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 54 əcnəbini ölkədən deportasiya edib.
EDnews xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında açıqlama verilib.
Deportasiya edilənlər arasında Türkiyə, Türkmənistan, Rusiya, Hindistan, Azərbaycan, Belarus, Pakistan, Nigeriya, Misir, Filippin və digər ölkələrin vətəndaşları var idi.
Mövcud qanunvericiliyə görə, deportasiya olunmuş şəxslərin Gürcüstana yenidən daxil olması qadağandır.
Daxili İşlər Nazirliyi qeyd edib ki, qanunsuz miqrasiya ilə mübarizə agentliyin prioritet fəaliyyət sahələrindən biridir.
Rəsmi statistikaya görə, ilin əvvəlindən bəri Gürcüstandan ümumilikdə 2090 qanunsuz miqrant deportasiya edilib. Bunlardan 232-si yanvarda, 312-si fevralda, 360-ı martda, 401-i apreldə, 340-ı mayda və 391-i iyunda deportasiya edilib.






