Rusiya dizel yanacağının ixracını müvəqqəti dayandıraraq bu qərarı neft emalı həcmlərinin azalmasından sonra daxili bazarda vəziyyəti sabitləşdirmək zərurəti ilə izah edib. Bu addım geniş rezonans doğurub, çünki Rusiya dünyada dizel yanacağının ən iri ixracatçılarından biridir və onun ixrac siyasətində baş verən istənilən dəyişiklik qlobal enerji bazarlarına ciddi təsir göstərə bilər.
Maraqlıdır, bu qərarın dünya iqtisadiyyatı üçün hansı nəticələri olacaq? Hansı ölkələr dizel çatışmazlığı ilə üzləşəcək, hansıları isə yaranmış vəziyyətdən iqtisadi üstünlük əldə edə biləcək? Bu məhdudiyyətlər Rusiyanın iqtisadiyyatına təzyiqi daha da artıra bilərmi?
Bu və digər sualları EDnews-a eksklüziv müsahibəsində enerji və beynəlxalq bazarlar üzrə ekspert Oleq Sarkiç cavablandırıb.
— Rusiyanın dizel yanacağının ixracını dayandırması qlobal enerji bazarına necə təsir göstərə bilər?
— İlk növbədə başa düşmək lazımdır ki, söhbət xam neft tədarükünün azalmasından deyil, məhz hazır neft məhsulları bazarından gedir. Dizel yanacağını qısa müddətdə alternativ mənbələrlə əvəz etmək xam neftlə müqayisədə daha çətindir. Buna görə də belə bir qərarın nəticələri daha ciddi hiss olunur.
Problemin miqyasını qiymətləndirmək üçün əvvəlcə bu qərarın Rusiyanın özünə təsirini nəzərdən keçirmək, daha sonra isə onun qlobal bazarlar üçün nəticələrini təhlil etmək lazımdır.
Rusiya dünyanın ən böyük dizel yanacağı ixracatçılarından biri olaraq qalır. Avropa İttifaqının sanksiyalarına qədər Rusiya dizelinin əsas alıcıları məhz Avropa ölkələri idi. Məhdudiyyətlər tətbiq edildikdən sonra isə ixrac axınları Türkiyə, Braziliya, Afrika ölkələri, Yaxın Şərq və qismən Asiya bazarlarına yönləndirildi.
2024-cü ildə Rusiyadan Türkiyəyə dizel yanacağı tədarükü təxminən 16,8 milyon tona, Braziliyaya isə 7,5 milyon tona çatmışdı. Lakin hazırda vəziyyət dəyişib.
Rusiya dizel yanacağının ixracını 2026-cı il iyulun 31-dək dayandırdığını elan edib. Rəsmi Moskva bu qərarı neft emalı infrastrukturuna endirilən zərbələrdən sonra ölkə daxilində yaranmış yanacaq çatışmazlığı ilə izah edir.
Artıq iyun ayında Rusiyanın dəniz yolu ilə dizel yanacağı ixracı təxminən 40 faiz azalıb, iyulun əvvəlində isə bu göstərici sutkada cəmi 214 min barel təşkil edib.
— Bu məhdudiyyətlər tətbiq edildikdən sonra hansı ölkələr daha çox zərər görəcək?
— Rusiya Avropa bazarını itirdikdən sonra rus dizel yanacağının ən böyük alıcısı Türkiyə oldu. Bu ölkə təkcə daxili tələbatını ödəmirdi, eyni zamanda dizelin digər bazarlara yenidən ixracı üçün mühüm logistika mərkəzi kimi çıxış edirdi.
Braziliya da Rusiya dizelinin əsas ixrac istiqamətlərindən biri olaraq qalırdı. Lakin indiki qadağadan əvvəl də Rusiya şirkətləri Braziliya bazarında ciddi məhdudiyyətlərlə üzləşirdilər.
Bunun əsas səbəbi Braziliyanın ABŞ ilə sıx əməkdaşlıq etməsidir. Vaşinqton bu ölkəni öz neft məhsullarının ixracı üçün perspektivli bazar hesab edir. Buna görə də ABŞ-nn Rusiyanın Braziliya bazarında mövqelərinin güclənməsində maraqlı olmadığı aydındır.
Bundan başqa, Rusiya dizeli Afrika ölkələrinə, eləcə də Yaxın Şərqə – ilk növbədə Mərakeşə, Misirə və Səudiyyə Ərəbistanına göndərilirdi. Lakin bu istiqamətlər də əksər hallarda son istehlak bazarı deyil, dizelin sonradan digər ölkələrə yenidən ixrac edilməsi üçün tranzit mərkəzləri kimi istifadə olunurdu.
Monqolustan da yanacağın sonrakı paylanması üçün logistika qovşağı rolunu oynayırdı.
Ümumilikdə isə daha geniş mənzərəyə baxsaq, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından və Qərbin sanksiyalar tətbiq etməsindən sonra Moskva faktiki olaraq ən gəlirli bazarlarını itirib. Sonradan yönləndirilən yeni ixrac marşrutları əvvəllər Avropa bazarının təmin etdiyi həcmləri əvəz edə bilmədi.
Nəticədə, ixracın yeni istiqamətlərə yönəldilməsinə baxmayaraq, Rusiya dünya neft məhsulları bazarında əvvəlki mövqelərini tam bərpa edə bilməyib.
— Rusiyanın dizel yanacağının ixracını dayandırması qlobal yanacaq bazarına necə təsir göstərəcək?
— İlk növbədə bu, dizel yanacağının qiymətlərinin artmasına səbəb olacaq. Dizel ənənəvi olaraq xam neftlə müqayisədə daha yüksək qiymət əlavəsi ilə satılır. Bunun səbəbi onun istehsalı üçün emal prosesinin tələb olunması və bazarda yaranan çatışmazlığı qısa müddətdə kompensasiya etməyin çətin olmasıdır.
Artıq bu gün Avropada dizelin qiyməti bir barel üçün 135 ABŞ dollarına yaxınlaşır. Eyni zamanda qeyd etmək lazımdır ki, xam neftin qiyməti nisbətən sabit qalır.
Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşməsinə baxmayaraq, neft bazarı buna kifayət qədər təmkinli reaksiya verdi. Aktiv döyüş əməliyyatlarının dayandırılması ilə bağlı açıqlamalardan sonra neft qiymətləri sabitləşdi, gərginliyin yenidən artması isə Brent markalı neftin qiymətinin cəmi təxminən 5 faiz bahalaşmasına səbəb oldu.
Dizel bazarında isə vəziyyət tam fərqlidir. Bu seqmentdə çatışmazlıq daha tez hiss olunur və nəticədə dizelin qiyməti xam neftdən daha sürətlə bahalaşa bilər.
— Bu vəziyyətdə əsas qazanan tərəflər kimlər olacaq?
— İlk növbədə Rusiyanın rəqibi olan ölkələrin neft emalı müəssisələri üstünlük əldə edəcək.
Hazır yanacaq bazarında çatışmazlıq yarandıqda emal müəssisələri məhsullarının qiymətini artırmaq və gəlirlərini əhəmiyyətli dərəcədə yüksəltmək imkanı qazanırlar.
Söhbət ilk növbədə ABŞ və Avropa İttifaqının neft emalı zavodlarından gedir.
Onlar yaxşı anlayırlar ki, Rusiya yaxın perspektivdə əvvəlki ixrac həcmlərini tez bir zamanda bərpa edə bilməyəcək. Buna görə də bu vəziyyət Qərb istehsalçıları üçün təkcə iqtisadi imkan deyil, həm də ciddi rəqabət üstünlüyüdür.
Bundan əlavə, alternativ tədarük bazarları uğrunda rəqabət güclənəcək.
Türkiyə, Braziliya, Afrika və Asiya ölkələri dizel yanacağını yeni təchizatçılardan almağa məcbur olacaqlar.
Bu bazarlarda əsas namizədlər ABŞ, Avropa istehsalçıları, Fars körfəzi ölkələri, Cənubi Koreya, Çin və Hindistandır.
— Bu prosesdə Hindistan hansı rolu oynaya bilər?
— Hindistan hazırda neft məhsulları bazarında dünyanın ən böyük oyunçularından biridir.
Ölkə xam nefti emal edir və hazır neft məhsullarını, o cümlədən Avropaya ixrac edir.
Lakin burada mühüm bir məqam var.
Avropa İttifaqı 2026-cı il yanvarın 1-dən etibarən yeni qayda tətbiq edib. Həmin qaydaya əsasən, əgər Hindistanın neft emalı zavodları son 60 gün ərzində Rusiya mənşəli xam neft alıblarsa, onların istehsal etdiyi yanacaq Avropa bazarına buraxılmayacaq.
Bu səbəbdən Hindistan sanksiya rejiminə ciddi şəkildə riayət etməlidir.
Bu, xüsusilə Hindistan ilə Avropa İttifaqı arasında ticarətin genişləndirilməsinə imkan verən yeni sazişin imzalanmasından sonra daha da əhəmiyyət kəsb edir.
Avropa bazarını itirməmək üçün Hindistan şirkətləri Aİ-yə ixrac ediləcək yanacağın istehsalında Rusiya mənşəli xam neftdən istifadəyə maksimum dərəcədə məhdudiyyət qoymalı olacaqlar.
— Bu prosesin dünya iqtisadiyyatına təsiri nə dərəcədə ciddi ola bilər?
— Hətta Rusiyadan birbaşa dizel almayan ölkələr də bunun nəticələrini hiss edəcəklər.
Dünyanın ən böyük təchizatçılarından biri bazardan çəkildikdə qlobal ticarət marşrutları yenidən formalaşır.
Bu isə idxalçılar arasında rəqabətin artmasına, daşınma xərclərinin yüksəlməsinə və demək olar ki, bütün regionlarda qiymətlərin bahalaşmasına gətirib çıxarır.
Bu proses xüsusilə iqtisadiyyatı dizel yanacağından ciddi şəkildə asılı olan ölkələr üçün daha həssasdır.
Dizel yük avtomobillərində, dəmir yolu nəqliyyatında, kənd təsərrüfatında, tikinti texnikasında, generatorlarda və hərbi logistikada geniş istifadə olunur.
Yanacağın qiymətində baş verən istənilən artım avtomatik olaraq daşınma xərclərinə, ərzaq istehsalına, tikinti materiallarının maya dəyərinə və geniş istehlak mallarının qiymətlərinə təsir göstərir.
Məhz buna görə də dizelin bahalaşması demək olar ki, həmişə inflyasiya təzyiqinin güclənməsi ilə müşayiət olunur.
Biznes üçün bu, istehsal və logistika xərclərinin artması, istehlakçılar üçün isə mal və xidmətlərin daha da bahalaşması deməkdir.
Fatimə Şükürova | EDnews


.jpeg)




