Estoniya Rusiya ilə sərhəddə yerləşən Narva şəhərində ölkənin ilk hərbi bazasını inşa etməyi planlaşdırır.
EDnews xəbər verir ki, bu barədə Estoniya Müdafiə İnvestisiyaları Mərkəzinin layihə portfeli üzrə meneceri Ando Vuğma "ERR"ə müsahibəsində bildirib.
Məlumata görə, tikinti işlərinə 2026-cı ilin sonunda başlanılması, layihənin isə 2028-ci ilin yayında başa çatdırılması nəzərdə tutulur. Bazanın ilkin mərhələdə 150 hərbçinin yerləşdirilməsi üçün istifadəyə verilməsi planlaşdırılır.
Yeni hərbi şəhərcikdə Estoniya Silahlı Qüvvələrinin 1-ci Piyada Briqadasının bölmələrindən birinin yerləşdirilməsi gözlənilir. Kompleks ümumilikdə 1000 nəfərlik şəxsi heyət üçün nəzərdə tutulsa da, burada daimi olaraq təxminən 200 hərbçinin xidmət edəcəyi bildirilir.
Qeyd olunur ki, Estoniya ötən ilin dekabrında Rusiya sərhədi yaxınlığında ilk beş bunkerin tikintisinə başlayıb. Yaxın aylarda daha 23 müdafiə istehkamının inşası planlaşdırılır.
Rəsmi Tallin 2027-ci ilin sonuna qədər ölkənin şimal-şərq və cənub-şərq bölgələrində 600-ə yaxın bunker və digər müdafiə qurğusu tikməyi hədəfləyir. Həmin müddətədək 40 kilometr uzunluğunda tank əleyhinə xəndəyin də qazılması nəzərdə tutulur.







