İsrail və Livan arasında danışıqların altıncı raundu bu gün İtaliyanın paytaxtı Romada başlayacaq və sabah davam edəcək.
EDnews "The Times of Israel"ə istinadən xəbər verir ki, bu, ötən ay Vaşinqtonda iki ölkə arasında çərçivə sazişinin imzalanmasından sonra keçirilən ilk görüş olacaq.
Danışıqlarda əsas diqqətin İsrail Müdafiə Qüvvələrinin (IDF) geri çəkildiyi ərazilərə Livan ordusunun yerləşdirilməsini nəzərdə tutan pilot proqramın müzakirəsinə yönələcəyi gözlənilir. Proqramın məqsədi həmin ərazilərin "Hizbullah"dan təmizlənməsini təmin etməkdir.
İsrail nümayəndə heyətinə ölkənin ABŞ-dakı səfiri Yexiel Layter rəhbərlik edəcək.
ABŞ hərbi nümayəndə heyəti bu həftənin əvvəlində Beyrutda Livan ordusunun rəhbərliyi ilə görüşərək İsrail qoşunlarının geri çəkilməsi ilə bağlı razılaşmanın icrasını müzakirə edib.
Qeyd edək ki, "Hizbullah"ın rədd etdiyi çərçivə sazişində İsrail qoşunlarının geri çəkilməsi üçün konkret vaxt cədvəli müəyyən edilməyib. İsrail rəsmiləri isə "Hizbullah" silahsızlaşdırılmayana qədər ordunun Livan ərazisində təxminən 10 kilometr dərinlikdə yaradılacaq "təhlükəsizlik zonasında" qalacağını bildiriblər.






