"ABŞ və İran arasındakı mövcud vəziyyəti "münasibətlər" kimi deyil, açıq qarşıdurma kimi qiymətləndirmək daha doğrudur".
Bunu EDnews-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

Ekspertin sözlərinə görə, iki ölkə arasında 1979-cu ildə İranda baş vermiş İslam İnqilabından sonra diplomatik əlaqələr faktiki olaraq dayanıb və bu günədək tərəflər arasında dərin etimadsızlıq hökm sürür:
"ABŞ və İran arasındakı gərginlik Yaxın Şərq kimi strateji və enerji resursları ilə zəngin bir regionda cərəyan edir. Bu səbəbdən mövcud qarşıdurmanın qlobal təhlükəsizlik və dünya iqtisadiyyatı üçün ciddi nəticələri var. Müxtəlif ölkələrin vasitəçilik cəhdlərinə baxmayaraq, tərəflər arasında fundamental ziddiyyətlər hələ də qalmaqdadır".
Vaşinqton və Tehranın əsas hədəfləri
Tofiq Abbasov qeyd edib ki, Vaşinqtonun əsas məqsədlərindən biri İranın raket-nüvə proqramlarını məhdudlaşdırmaq, eləcə də Tehranın regiondakı təsir imkanlarını zəiflətməkdir:
"İran isə öz növbəsində ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğunun azaldılmasına çalışır. Bu səbəbdən tərəflərin mövqelərinin yaxın perspektivdə uzlaşacağı real görünmür".
"Genişmiqyaslı siyasi barışıq gözlənilmir"
Politoloq vurğulayıb ki, Pakistan, Qətər və bəzi Avropa dövlətləri zaman-zaman vasitəçilik təşəbbüsləri irəli sürsələr də, bu cəhdlər əsasən hərbi eskalasiyanın qarşısını almağa yönəlib və davamlı siyasi razılaşma üçün yetərli deyil:
"Yaxın dövrdə ABŞ və İran arasında genişmiqyaslı siyasi barışığın baş verməsi real deyil. Tərəflər arasında yalnız müəyyən müddətlik atəşkəs və ya gərginliyin azaldılmasına yönəlmiş texniki razılaşmalar mümkündür".
Sanksiyalar altında inkişaf edən İran iqtisadiyyatı
İran iqtisadiyyatındakı mövcud duruma da toxunan ekspert bildirib ki, uzun illər ağır sanksiyalar altında yaşamasına baxmayaraq, rəsmi Tehran daxili istehsalın inkişafına və texnoloji potensialın gücləndirilməsinə xüsusi diqqət yetirib:
"İran nüvə texnologiyası, raket sənayesi, tibb və tibbi mühəndislik kimi sahələrdə mühüm irəliləyişlər əldə edib. Ölkə daxili bazarın imkanlarından maksimum istifadə etməklə iqtisadi dayanıqlığını müəyyən qədər qoruyub saxlaya bilib".
Mövcud geosiyasi reallıqları dəyərləndirən politoloq yekunda qeyd edib ki, yaxın perspektivdə münasibətlərin normallaşması ehtimalı çox zəifdir və qarşıdurmanın müxtəlif formalarda davam edəcəyi ən real ssenaridir.
Murad | EDnews







