Qərb Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsi və həbsini Moskvaya bağışlamaq niyyətində deyil. ABŞ və Avropa İttifaqı “qisas aksiyasında” birgə hərəkət edərək, Rusiyaya bir sıra sanksiyalar tətbiq edib.
Sanksiyalar kifayət qədər ciddi şəxslər və qurumlara tətbiq olunub. Aİ-nin sanksiya tətbiq etdiyi şəxslər arasında Rusiyanın Baş prokuroru İqor Krasnov, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin, Cəzalara Nəzarət üzrə Federal Xidmətin rəhbəri Aleksandr Kalaşnikov və “Rosqvardiya”nın rəisi Viktor Zolotov kimi adlar var.
ABŞ da Aİ-yə qoşularaq Rusiyanın 13 ticarət şirkətinə sanksiya tətbiq edib. Onlardan 9-u Rusiyada, 3-ü Almaniyada, biri isə İsveçrədə yerləşir.
Rəsmi Kreml nümayəndələri adekvat tədbirlər görüləcəyini və Rusiyanın sanksiyaları cavabsız qoymayacağını açıqlayıblar.
Qərb bloku ilə Rusiya arasında münasibətlərin gərginləşdiyi və hər iki tərəfin geri çəkilmək istəmədiyi bir zamanda baş verənlər dünyanın təhlükəsizliyi və sabitliyi üçün narahatlıq doğurur. Eurasia Diary yaranmış vəziyyəti şərh etmək üçün politoloq Maksim Semyonovun fikirlərini öyrənib.
Semyonov bu sanksiyaların bəzi şəxslərə qarşı bundan əvvəl də tətbiq edildiyini xatırladıb: “Bundan əlavə, Rusiya ilə Qərbin müdafiə idarələri arasında əməkdaşlıq əvvəllər də xeyli məhdud olub. Hətta bəzi məmurların Qərbdə mülkləri olduğunu fərz etsək də, sanksiyaların Rusiya iqtisadiyyatına ciddi təsiri olmayacaq. Gördüyümüz kimi, Qərb Rusiya iqtisadiyyatının müəyyən sahələrinə və ya böyük oliqarxlara qarşı sektoral sanksiyalar tətbiq etməkdən qorxur”.
Politoloq son zamanlarda Rusiya rublunun ABŞ dollarına nisbətdə möhkəmləndiyinə diqqət yetirib. Onun fikrincə, bu, Rusiyanın maliyyə dairələrinin bu sanksiyaların təhdidinin ciddi saymadıqlarını göstərir.
“Buna görə də, Rusiyaya qarşı çox ciddi addımlar atılmasından söhbət aparmaq olmaz. Sadəcə olaraq bəzi xüsusi jestlərdən söhbət gedir. Daha doğrusu, bəzi jestlərdən söhbət gedir. Çünki ABŞ-ın yeni Prezidenti Co Baydenin komandası Ağ Evə gəldiyi zaman Navalnı məsələsi artıq ortaya çıxmışdı və bu vəziyyətə onlar necəsə reaksiya verməli idilər. Lakin Bayden və onun ətrafının ilkin hərəkətlərini nəzərə alsaq, onlar Rusiya ilə dialoqa getməyə hesablanmasa da, mümkün olduğu qədər praqmatik, konstruktiv münasibətlər qurmağı hədəflənib, Moskva ilə açıq qarşıdurmaya getməyə hazır deyillər. Yəni mənə elə gəlir ki, Baydenin komandası üçün bu bir növ şəxsi jestdir. Bayden administrasiyası Navalnının həbsinə bir şəkildə reaksiya göstərməli idi, bu da onların reaksiyasıdır. Ona görə də, onlar Rusiya ilə münasibətləri çox da pisləşdirməyəcək və Moskva ilə Vaşinqton arasındakı dialoqa əhəmiyyətli təsir göstərməyəcək seçim ediblər", deyə Maksim Semyonov söyləyib.
Rusiyanın mümkün cavab tədbirlərinə toxunan politoloq Moskvanın bu istiqamətdə siyasətini dəyişdirməyəcəyini qeyd edib: “Bəli, əlbəttə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxışında simmetrik cavab haqqında danışıb, amma Rusiyanın Vaşinqtonla qarşıdurmanı dərinləşdirmək üçün ciddi addımlar atacağını düşünmürəm. Rusiya Federasiyası, mənə elə gəlir ki, dialoqa yönəlib. Rusiya mümkün olan sahələrdə praqmatik qarşılıqlı əlaqələrə can atacaq. Moskva parçalanmanın dərinləşməsinə razı olmayacaq”.
Semyonov keçən həftə keçirilən Münhen Təhlükəsizlik Konfransında Navalnı işinin praktiki olaraq müzakirə edilmədiyini vurğulayıb: “Biz Baydenin çıxışlarında bu məsələdən qaçdığını gördük. ABŞ-ın “Şimal Axını-2” mövzusunda da incə davrandığını da gördük. Əslində indi ABŞ və Rusiya ikitərəfli münasibətlərdə yeni bir gündəm quracaqlar. Bunun çox isti bir münasibət olacağını düşünmürəm, ancaq tərəflərin mümkün olduğu qədər qarşılıqlı faydalı əlaqədə maraqlı olacağı aydındır. Bu, hər iki tərəfin də maraqlarına cavab verir”.
Ülvi Əhmədli