HAMAS, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə Qəzza zolağında daimi atəşkəsin əldə olunması istiqamətində mühüm irəliləyişə nail olunduğunu bəyan edib. Bu açıqlama Qəzzada aylarla davam edən qanlı toqquşmalardan və humanitar böhrandan sonra regionda sabitliyə doğru atılan ilk real addım kimi qiymətləndirilir.
EDnews xəbər verir ki, tərəflər arasında razılaşdırılmış çərçivə bir sıra fundamental məsələləri əhatə edir. Bu razılaşma bölgədə vəziyyətin dəyişməsinə və siyasi gərginliyin azalmasına səbəb ola bilər. Əsas razılaşdırılmış bəndlər bunlardır:
Qəzza zolağında daimi və davamlı atəşkəsin tətbiqi,
İsrail Silahlı Qüvvələrinin ərazidən tamamilə çıxarılması,
Anklavın idarəsi üçün siyasi neytrallığı qoruyan, peşəkar texnokratlardan ibarət idarəetmə komitəsinin yaradılması,
Humanitar yardımın fasiləsiz və beynəlxalq nəzarətlə təmin edilməsi.
Həmçinin, humanitar çərçivədə 10 israilli girovun azad edilməsi, eyni zamanda onlarla fələstinli məhbusun və bir neçə nəfərin cəsədinin qarşılıqlı şəkildə dəyişdirilməsi razılaşmanın bir hissəsidir.
HAMAS-ın yaydığı rəsmi bəyanatda qeyd olunur ki, ABŞ nümayəndəsi Uitkoff ilə razılaşdırılmış sənədə rəsmi cavab yaxın günlərdə veriləcək. Bu cavabın regionun gələcək taleyinə birbaşa təsir edəcəyi gözlənilir.
Siyasi ekspertlərə görə, bu razılaşma gerçəkləşərsə, Yaxın Şərqdə yeni bir mərhələnin başlanğıcı ola bilər. Lakin prosesin uğurla nəticələnməsi üçün həm regional, həm də beynəlxalq güclərin balanslı və şəffaf şəkildə iştirak etməsi vacibdir.
Fatima Şükürova // EDnews